Milli Kitabxanada “Əsrin müqaviləsi” – 30” adlı kitab sərgisi açılıb

Milli Kitabxanada “Əsrin müqaviləsi” – 30” adlı kitab sərgisi açılıb 

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış “Əsrin müqaviləsi” respublikamızın salnaməsinə yeni neft strategiyasının şanlı səhifəsi kimi yazılıb.

1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında "məhsulun pay bölgüsü" tipli müqavilə imzalanıb. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlanıb, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapıb. “Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak edib. Bununla da "Yeni neft strategiyası" və doktrinası uğurla həyata keçirilməyə başlanılıb.

"Əsrin müqaviləsi"nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradılıb və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə işlərə başlanılıb. Bu saziş sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 32 sazişin imzalanması üçün yol açıb. "Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olub. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları qoyuluşunun 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldilib.

"Əsrin müqaviləsi"nin həyata keçirilməsinə başlanan vaxtdan Azərbaycan iqtisadiyyatında dönüş yaranıb və böyük işlərə başlanılıb. Çətin siyasi və iqtisadi şəraitdə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi inkişafının təməlini qoyub. Ulu öndər Heydər Əliyevin işləyib hazırladığı mükəmməl neft strategiyası Azərbaycana özünün zəngin neft ehtiyatlarını dünya bazarlarına müstəqil şəkildə çıxarmaq imkanı yaradıb.

“Əsrin müqaviləsi” adı ilə tarixə yazılmış Azərbaycanın ən böyük transmilli neft müqaviləsinin 30 illiyi münasibətilə Milli Kitabxanada “Əsrin müqaviləsi-30” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Ənənəvi sərgidə Azərbaycanın neft salnaməsi, Ulu Öndər Heydər Əliyevin neft strategiyası, İlham Əliyev və Azərbaycanın neft diplomatiyası, Azərbaycan nefti dünya siyasətində, Neft daşları, idtisadiyyat və s. mövzularda Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

Ənənəvi sərgi 1 həftə davam edəcək.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi