Milli Kitabxanada Koha Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sistemində işin təkmilləşdirilməsi məqsədilə dəvət edilmiş Türkiyəli mütəxəssislər tərəfindən keçirilmiş təlimlərin bağlanış mərasimi olub - FOTO
23 dekabr tarixində Azərbaycan Milli Kitabxanasında Türkiyəli mütəxəssislər - Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Yayımlar Baş İdarəsinin Texniki Xidmətlər şöbəsinin müdiri Hülya Dirican, şöbənin əməkdaşları Fərhad Öztürk və İsmail Karaca tərəfindən keçirilmiş təlimlərin bağlanış mərasimi olub.
Mərasimi Milli Kitabxananın direktoru prof. Kərim Tahirov açaraq qonaqları və təlim iştirakçılarını salamlayıb, proqramın üstünlüklərindən, iş proseslərinin inkişafı istiqamətində görülən işlərdən danışıb, bildirib ki, Türkiyədən dəvət edilən mütəxəssislərlə təcrübi xarakter daşımış təlimlərin əsas məqsədi qarşıya çıxan problemlərin birgə həllinə nail olmaqdır. Natiq qeyd edib ki, proqram standart təsvirə əsaslanan vahid yazı ilə bütün kitabxanaları birləşdirir və hər birinə digərinin fondunu, elektron bazasını görmək və oxucuların istifadəsinə təqdim etmək imkanı verir. Direktor yeni ildən təkliflər əsasında proqramda dəyişikliklərin olacağını, interfeysin genişləndiriləcəyini, əməliyyatların sayının artırılacağını, istifadəçi səhifəsinin təbliği istiqamətində işlərin həyata keçiriləcəyini diqqətə çatdırıb.
Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Yayımlar Baş İdarəsinin Texniki Xidmətlər şöbəsinin müdiri Hülya Dirican bu proqram ilə artıq 13 ildir ki, ölkə miqyasında işlədiklərini, vaxtilə mövcud olan və hər kitabxananın özü tərəfindən yaradılan 16 mln. biblioqrafik yazının bazada seçilib təmizlənərək 5 mln.-a salındığını və proqramın kitabxanalara demək olar ki, lazım olan bütün parametrlər üzrə statistika əldə etmək imkanı verdiyini söyləyib.
Mərasimdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nərimanov, Xətai, Səbail, Yasamal, Qaradağ, Binəqədi, Xəzər, Nəsimi, Suraxanı, Nizami, Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemləri və M.Ə.Sabir adına Şəhər Kütləvi Kitabxanası, həmçinin C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları iştirak edib.
Qeyd edək ki, 18 dekabr tarixində Azərbaycan Milli Kitabxanasının Treninq Mərkəzində keçirilən təlimdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nərimanov, Xətai, Səbail, Yasamal, Qaradağ, Binəqədi, Xəzər, Nəsimi, Suraxanı, Nizami, Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemləri və M.Ə.Sabir adına Şəhər Kütləvi Kitabxanasının əməkdaşları iştirak edib. Təlimlər 19 dekabr tarixində Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Gəncə şəhər, Naftalan, Daşkəsən, Goranboy, Göygöl, Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin əməkdaşları üçün Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında, 20 dekabr tarixində isə Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Xaçmaz, Quba, Qusar, Siyəzən, Şabran rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin əməkdaşları üçün Quba Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında keçirilib. 21 dekabr tarixində mütəxəssislər Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası və C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası, 23 dekabr tarixində isə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında sistemin iş vəziyyəti ilə tanış olub, tövsiyələrini veriblər.
Bu xəbər üçün şərh yazın