Milli Kitabxanada KOHA Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin tətbiqi məqsədilə treninqlərə başlanıb - FOTO
12 mart tarixində Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan kütləvi kitabxanaların mütəxəssisləri üçün KOHA Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin tətbiqi ilə əlaqədar Azərbaycan Milli Kitabxanasının Treninq Mərkəzində treninqlərin keçirilməsinə başlanıb.
Faktinfo.az xəbər verir ki,açılış mərasimini Milli Kitabxananın direktoru prof. Kərim Tahirov açaraq treninq iştirakçılarını salamlayıb və bildirib ki, KOHA Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin öyrənilməsi və region kitabxanalarında tətbiqi Azərbaycan Milli Kitabxanasının 850 mindən çox fondundan istifadə etmə imkanı yaradacaq.
Mərasimdə Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsi Nəşriyyatlarla iş sektorunun müdiri Xəyal Məmmədov da iştirak edib və öz fikirlərini bildirib.
Treninqlərdə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası, F.Köçərli adına Respublika Uşaq Kitabxanası, Gəncə, Lənkəran, Şəki şəhər, Ağcabədi, Ağstafa, Xaçmaz, Ağdaş, Sabirabad, Biləsuvar, Şamaxı, Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərindən ümumilikdə 18 nəfər mütəxəssis iştirak edir.
Qeyd edək ki, treninqin keçirilməsində məqsəd aktiv, sürətlə inkişaf edən və yaxşı strukturlaşdırılmış kod bazasına malik, istifadəçi interfeysi konfiqurasiya edilə və uyğunlaşdırıla bilən, açıq mənbəli, inteqrasiya edilmiş kitabxana sistemi olan KOHA-nın Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan kütləvi kitabxanalarda tətbiqinə dəstək olmaqdır.
Treninqlər 16 mart tarixinədək davam edəcək.
Bu xəbər üçün şərh yazın