Milli Kitabxanada "Milli Qurtuluş Günü" ilə əlaqədar tədbir keçirilib - FOTOLAR
Milli Kitabxanada 14 iyun tarixində “Milli Qurtuluş günü” ilə əlaqədar tədbir keçirilib.
Tədbir zamanı bildirilib ki, bəzi tarixi günlər xalqın gələcəyini müəyyən edən böyük başlanğıcların əsasını qoyur. Tariximizə "Milli Qurtuluş Günü" kimi daxil olan 1993-cü ilin 15 iyun tarixi də belə tarixi günlərdən ən önəmlisidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan Ümummilli Lider Heydər Əliyevdir. Belə ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı böyük bəladan - parçalanma təhlükəsindən xilas etdi. Ölkənin sosial-iqtisadi və siyasi cəhətdən inkişaf etməsində, möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Ümummilli Lider Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri etdi, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrildi. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir.
Əlavə edilib ki, Ulu öndər Heydər Əliyevin Azərbaycan qarşısındakı ən əhəmiyyətli xidmətlərindən biri də özü qədər inandığı bir yetirməsini, onun həyat məktəbini keçmiş bir şəxsiyyəti hörmətli cənab Prezident İlham Əliyevi özündən sonra xalqına rəhbərlik etmək üçün tövsiyə etməsi olub. Bu gün qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində böyük iqtisadi uğurlara imza atılıb, 44 günlük Vətən müharibəsi isə bu uğurun zirvəsi hesab oluna bilər.
Müstəqil Azərbaycan dövləti durduqca Heydər Əliyevin əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq və heç vaxt unudulmayacaq.
Sonda tədbir iştirakçıları “15 İyun – Milli Qurtuluş Günü” adlı ənənəvi kitab sərgisi ilə tanış olublar.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın