
Milli Kitabxanada “Nəriman Nərimanov – 155” adlı geniş kitab sərgisi açılıb
İctimai-siyasi xadim, yazıçı, publisist, həkim Nəriman Nərimanov 1870-ci ildə Tiflis şəhərində anadan olub. Tiflisdəki altısinifli ruhani məktəbində təhsil alıb. 1890-cı ildə Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra, Tiflis quberniyası Borçalı qəzasının Qızılhacılı kəndinə müəllim təyin olunub. 1891-ci ildə Bakıya gələrək müəllimlik fəaliyyətinə başlayıb. 1894-cü ildə Bakıda türk-müsəlman əhalisi üçün ilk xalq qiraətxanasını təşkil edib.
Mütəmadi olaraq publisistik məqalələrlə çıxış edən Nəriman Nərimanov, Azərbaycan və rus dillərini öyrənənlər üçün dərsliklər yazıb, həmçinin “Türk- Azərbaycan dilinin müxtəsər sərf nəhvi” adlı qiymətli dərs vəsaiti tərtib edib. Onun “Nadanlıq”, “Dilin bəlası”, yaxud “Şamdan bəy”, “Bahadır və Sona”, “Nadir şah” əsərləri bütün Azərbaycanda geniş yayılıb.
Əsərlərində dövrün sosial-psixoloji problemlərini qabarıq şəkildə göstərən Nərimanovun elmi-publisistik fəaliyyəti türk-müsəlman əhalisinin milli oyanışına xidmət edib.
Faktinfo.az xəbər verir ki,Milli Kitabxanada görkəmli ictimai-siyasi və dövlət xadimi, maarifpərvər şəxs, yazıçı, publisist, həkim Nəriman Nərimanovun anadan olmasının 155 illiyi munasibətlə “Nəriman Nərimanov – 155” adlı geniş kitab sərgisi açılıb.
Sərgidə Nəriman Nərimanovun müəllifi olduğu əsərlər, həmçinin həyat və yaradıcılığı, ictimai-siyasi fəaliyyəti haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.
Bu xəbər üçün şərh yazın