Milli Kitabxanada "Professor Ceyran Mahmudova-60" adlı kitab sərgisi açılıb
Faktinfo.az xəbər verir ki,bu gün Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, tanınmış musiqişünas alim, sənətşünaslıq elmləri doktoru, professor Ceyran xanım Mahmudovanın anadan olmasının 60 ili tamam olur.
O, 19 iyul 1964-cü il tarixində Bakıda anadan olub.
1971-1982-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alıb. 1982-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarixi-nəzəriyyə fakültəsinə daxil olub, 1987-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib, 1987-1990-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun aspirantı olub.
1994-cü ildə “Azərbaycan təsniflərinin problemləri” mövzusunda namizədlik, 2012-ci ildə “Azərbaycan bəstəkarlarının mahnılarında poeziya ilə musiqinin qarşılıqlı əlaqələri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
Ali Attestasiya Komissiyası tərəfindən 2003-cü ildə “dosent”, 2017-ci ildə “professor” elmi adına layiq görülüb.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 iyul tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin olub. 2023-cü il dekabr ayının 13-də “Əməkdar incəsənət xadimi” fəxri adı ilə təltif edilmişdir.
Professor Ceyran xanım Mahmudovanın anadan olmasının 60 illik yubileyi ilə əlaqədar Milli Kitabxanada “Professor Ceyran Mahmudova-60” adlı kitab sərgisi açılıb.
Sərgidə musiqişünas alimin monoqrafiyaları, tərtibçi və redaktə etdiyi kitablar, elmi məqalələri və s. Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.
Sərgi 1 həftə davam edəcək.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın