Milli Kitabxanada “Professor Əbdüləzəl Dəmirçizadə -115” adlı kitab sərgisi açılıb
Bu gün görkəmli dilşünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Əbdüləzəl Dəmirçizadənin anadan olmasının 115- ci ildönümü tamam olur.
Əbdüləzəl Məmməd oğlu Dəmirçizadə (Rəsulov) 8 iyul 1909 -cu ildə Şəki şəhərində dəmirçi ailəsində anadan olub. Ə.Dəmirçizadə şeirlər, hekayələr, tənqidi məqalələr və bədii oçerklər müəllifi kimi fəaliyyətə başlasa da, görkəmli dilçi alim kimi Azərbaycan tarixinə adını əbədi həkk edib.
Ə.Dəmirçizadə özü haqqında yazırdı: “…Mən professor Bəkir Çobanzadə, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir, Abdulla Şaiq kimi görkəmli şəxslərin tələbəsi olmuşam, ədəbiyyat, incəsənət və elm sahəsində bir sıra məşhur şəxsiyyətlərlə – Səməd Vurğun, Süleyman Rüstəm, Əbülhəsən, Sabit Rəhman, akademik Həmid Araslı, professor Cəfər Xəndan, xalq rəssamı S.Salamzadə və başqaları ilə sinif yoldaşı olaraq təhsil almışam… Dilçilik sahəsində əsl tədqiqat aparmaq zərgərlikdir”.
Elm sahəsində istedadlı alim kimi tanınan Azərbaycan dilçiliyinin işlənilməmiş sahələrini (fonetika, orfoepiya, etimologiya, üslubiyyat, dil tarixi və s.) araşdırmış alimin “Azərbaycan dili tarixi xülasələri”, “M.F.Axundov dil haqqında və Axundovun dili”, “Azərbaycan dilinin tarixi”, “Azərbaycan ədəbi dilinin inkişaf yolları”, “Kitabi-Dədə Qorqud” dastanının dili”, “Azərbaycan dilinin tarixi qrammatikası” və s. kitabları yalnız Azərbaycan dilçiliyini deyil, türk aləmi xəzinəsini də zənginləşdirən nümunələr hesab edilir.
Alimin etimologiya sahəsində araşdırmalarının bəhrəsi olan "50 söz" əsəri (Bakı, 1968) dilimizin tarixini öyrənənlər, tarixçilər, geniş oxucu kütləsi üçün bu gün də öz dəyərini saxlayan kitabdır.
Faktinfo.az xəbər verir ki,Milli Kitabxanada professor Əbdüləzəl Dəmirçizadənin anadan olmasının 115- ci ildönümü ilə əlaqədar yazıçının həyat yolu, fəaliyyəti və yaradıcılığı əks etdirən "Professor Əbdüləzəl Dəmirçizadə -115" adlı geniş kitab sərgisi açılıb.
Sərgidə alimin öz fonemenal araşdırmaları, fundamental elmi tədqiqatları, dəyərli, sanballı monoqrafiyaları, ədibin həyat və yaradıcılığı haqqında yazılmış Azərbaycan və rus dillərdə ədəbiyyatlar nümayiş olunur.
Sərgi 1 həftə davam edəcək.
Bu xəbər üçün şərh yazın