Milli Kitabxanada “Professor İlham Rəhimli” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub

Milli Kitabxanada “Professor İlham Rəhimli” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub - FOTO

Azərbaycan teatrşünas-tənqidçi, jurnalist, Azərbaycanın əməkdar incəsənət xadimi professor İlham Rəhimli 1949-cu il sentyabrın 8-də Yevlax rayonunun Malbinəsi kəndində doğulub.

Professor İlham Rəhimli səhnə sənətinə, kinoya, təsviri incəsənətə, dramaturgiyaya, aktyor və rejissor peşəsinə, mədəniyyətin müxtəlif problemlərinə aid minə yaxın məqalənin müəllifidir. Müxtəlif sənətkarlara həsr olunan, onların ömür və yaradıcılıq yollarını əks etdirən, müxtəlif Azərbaycan teatrlarının tarixi haqda və s.  yüzdən çox sanballı əsərlərin müəllifidir. Onun "Sənət vurğunu", "Səyavuş Aslan", "Aktyora oxşamayan adam", "Kəsişən paralellər", "Barat Şəkinskaya", "Səhnə sehrinin sirdaşı", "Yaşadan əbədi Yaşar" və digər əsərləri xüsusi əhəmiyyətə malikdir.

Teatrşünas-tənqidçi, sənətşünaslıq doktoru, professor İlham Rəhimli qələmə aldığı əsərlərində meydan teatrından, xalq oyun-tamaşalarından, şəbihlərdən tutmuş peşəkar teatrlarımızın çağdaş dövrə qədərki yaradıcılıq yolunu təhlil süzgəcindən keçirib.

İlham Rəhimli  Azərbaycan teatrının canlı ensiklopediyasıdır. Onun qələmə aldığı bu kitablar Azərbaycan teatr tarixini tam əhatə edir. Onun hazırladığı 5 cildlik "Azərbaycan teatr tarixi", 3 cildlik "Azərbaycan teatr ensiklopediyası" və digər kitablar teatrımızın müfəssəl tədqiqatıdır. 

 İlham Rəhimlinin 3 cildlik "Səhnə fədailəri", "Gəncə teatrı", "Azərbaycan dramaturqlarının əsərləri Akademik Milli Dram Teatrında" kitabları, həmçinin "Abbas Mirzə Şərifzadə", "Ağasadıq Gəraybəyli", "Mustafa Mərdanov", "Kazım Ziya", "İbrahim Həmzəyev", "Həsənağa Turabov", "Məmmədrza Şeyxzamanov", "Mehdi Məmmədov", "Mərziyə Davudova", "Nəsibə Zeynalova", "Fatma Qədri", "Barat Şəkinskaya", "Rza Təhmasib", "Hökümə Qurbanova" və "Habil Əliyev" monoqrafiyaları hərəsi ayrı-ayrılıqda dəyərli bir tədqiqat əsəridir.

1989-cu ildən əməkdar incəsənət xadimi fəxri adını daşıyır. 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. 10 mart 2021-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" medalı təltif olunub.

Milli Kitabxanada Azərbaycan teatrının yorulmaz tədqiqatçısı, teatrşünas, publisist, Əməkdar incəsənət xadimi İlham Rəhimlinin 75 illik yubileyi ilə əlaqədar “Professor İlham Rəhimli” adlı geniş kitab sərgisi istifadəçilərə təqdim olunub.

Sərgidə müəllifi olduğu əsərlər, tərcümələri, rəyçi, tərtibçi, ön söz və redaktə etdiyi kitablar, həyat və yaradıcılığı haqqında yazılmış Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

Sərgi 1 fəftə davam edəcək.

Faktinfo.az

Milli Kitabxanada “Professor İlham Rəhimli” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər