
Milli Kitabxanada “Professor Kamil Vəli Nərimanoğlu - 80” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub
18 avqust 2026-cı il tarixində M.F. Axundov adına Azərbaycan Milli Kitabxanasında ədəbiyyatşünas, ədəbi tənqidçi, türkoloq, filologiya elmləri doktoru, professor Kamil Vəli Nərimanoğlunun anadan olmasının 80 illik yubileyinə həsr olunmuş “Professor Kamil Vəli Nərimanoğlu – 80” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Sərgidə professor Kamil Vəli Nərimanoğlunun həyat və yaradıcılığı haqqında nəşrlər, müəllifi olduğu əsərlər, ön söz yazdığı, tərcüməçisi, tərtibçisi və redaktoru olduğu monoqrafiyalar, Azərbaycan və xarici dillərdə nəşr olunmuş kitablar, eləcə də dövri mətbuat materialları nümayiş etdirilir.
Kamil Nəriman oğlu Vəliyev (Kamil Vəli Nərimanoğlu) 18 avqust 1946-cı ildə Cəbrayıl rayonunda anadan olub. Orta təhsilini 1965-ci ildə başa vurduqdan sonra 1965–1970-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb və universiteti fərqlənmə diplomu ilə bitirib.Tələbəlik illərindən elmi-publisistik fəaliyyətə başlayıb, ilk məqaləsi “Vaqif dili, Vaqif üslubu” adı ilə universitet qəzetində dərc olunub. Elmə marağı və mətbuatda müntəzəm çıxışları nəzərə alınaraq 1970-ci ildə Azərbaycan dilçiliyi kafedrasında müəllim kimi saxlanılıb.
Kamil Vəliyev 1974-cü ildə “Azərbaycan dilində ki şəkilçisi” mövzusunda namizədlik, 1988-ci ildə isə “Azərbaycan qəhrəmanlıq eposunun poetik sintaksisi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1976–1981-ci illərdə baş müəllim, 1981–1988-ci illərdə dosent, 1989-cu ildən isə professor elmi adı alıb. 1988–1998-ci illər ərzində Bakı Dövlət Universitetində Azərbaycan dilçiliyi kafedrasına rəhbərlik edib, universitetin Böyük Elmi Şurasının üzvü olub.
Onun elmi fəaliyyəti dilçilik, folklor, poetika və türkoloji araşdırmalar istiqamətində sistemli tədqiqatlarla xarakterizə olunur. “Azərbaycan dilinin poetik sintaksisi”, “Dastan poetikası”, “Linqvistik poetikaya giriş”, “Azərbaycan dil tarixi”, “Azərbaycan dövlət dili siyasəti” və digər monoqrafiyaları çağdaş Azərbaycan linqvistikasında nəzəri ümumiləşdirmələri ilə seçilir. O, həmçinin Azərbaycan qəhrəmanlıq eposunun sintaktik-poetik quruluşunun araşdırılması istiqamətində fundamental nəticələr əldə edib.
Kamil Vəliyev 1977-ci ildən “Azərbaycan” jurnalının redaksiya heyətinin üzvü olub, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinə daxil olub, sonralar tənqid və ədəbiyyatşünaslıq şurasının sədr müavini kimi fəaliyyət göstərib.1990-cı ildə Türkiyə Folklor Araşdırmaları Vəqfinin nümayəndəsi seçilib, həmin ildə Səlcuq Universiteti tərəfindən fəxri doktor adına layiq görülüb. Türkiyə Linqvistika Cəmiyyətinin müxbir üzvü olub.
1991–1992-ci illərdə Türkiyənin Egey Universitetində, 1999–2000-ci illərdə Şimali Kipr Türk Cümhuriyyətinin Şərqi Ağdəniz Universitetində professor kimi dərs deyib. Sonrakı dövrdə Atatürk Kültür Mərkəzi, Türk Dil Qurumunun müvafiq elmi təşkilatları, Türk Folklor Qurumunun fəxri üzvlüyünə qəbul edilib. O, həmçinin Türk Dünyası ədəbiyyatı çoxcildliyinin redaksiya şurasının və müxtəlif türkoloji elmi dərgilərin redaksiya heyətlərinin üzvü olub.
Kamil Vəliyevin elmi yaradıcılığı ilə yanaşı, geniş tərcümə fəaliyyəti də mövcuddur. O, Məhəmməd Füzulinin “Türk divanının dibaçəsi”, Əlişir Nəvainin “İki dilin mübahisəsi” və Yusif Balasaqunlunun “Qutatqu bilik” əsərlərinin nəşrlərinə elmi ön söz yazmış, əsərlərin tərcümə və nəşrinə elmi rəhbərlik edib.
Kamil Vəliyev 40-dan çox elmi monoqrafiyanın və 500-dən artıq elmi məqalənin müəllifidir. O, dünyanın 20-dən artıq ölkəsində keçirilmiş beynəlxalq elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış edib. Elm və mədəniyyət sahəsindəki xidmətlərinə görə 1998-ci ildə Türkiyə Respublikasının “Şərəf və Ləyaqət nişanı” ilə təltif edilib, həmçinin Türk Əməkdaşlıq və İnkişaf Agentliyinin, Türk Dil Qurumunun, Bilkənd Universitetinin və Türk Mədəniyyətinə Xidmət Vəqfinin mükafatlarına layiq görülüb. Qırğızıstanda Çingiz Aytmatov Akademiyasının fəxri üzvü seçilib. 1993-cü ildə Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışıb.
Faktinfo.az













Bu xəbər üçün şərh yazın