Milli Kitabxanada "Prоfеssоr Vəli Xuluflu – 130" adlı kitab sərgisi açılıb

Milli Kitabxanada "Prоfеssоr Vəli Xuluflu – 130" adlı kitab sərgisi açılıb 

Azərbaycanın ən tanınmış alimlərindən, folklorşünaslarından sayılan professor Vəli Məmmədhüseyn oğlu Xuluflu 26 may 1894-cü ildə Şəmkir rayonunun Xuluflu qəsəbəsində doğulub.

İbtidai təhsilini mollaxanada alaraq 1912-ci ildə “Mədrəseyi-Ruhaniyyə”ni bitirib. Sonralar Bakıda ADU-nun (indiki BDU) Şərqşünaslıq fakültəsində təhsilini davam etdirib. 1924-cü ildən Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin işlərində fəal çalışıb.  1925-ci ildə Vəli Xuluflu latın qrafikalı yeni türk əlifbasına keçidin fəal tərəfdarlarından biri kimi "Yeni türk əlifbası ilə yazı qaydaları" adlı kitab nəşr etdirib. “Koroğlu” (1927), “İmla lüğəti” (1929), “Din və qadın” (1930), “Din və mədəni inqilab” (1930), “El aşıqları” (1927) kimi kitabların müəllifidir. Türk dünyasına möhkəm tellərlə bağlı olan bu insan ensiklopedik biliyə malik olub - ərəb, fars, rus, türk dilləri ilə yanaşı, alman, türkmən, tacik dillərini də bilirdi.

Vəli Xuluflu Azərbaycanın XX əsrdə yetirdiyi böyük ziyalılardan biri, xüsusilə, folklorşünaslığın təməl daşlarını qoyan, bu təməl daşları üzərində yeni bir elm məbədinin ucaldılmasında əsl memar əməyi sərf edən bir fədaidir.

Adlı-sanlı tədqiqatçılar alimi “Azərbaycan ədəbiyyatşünaslığında xüsusi azman imza”, “folklorumuzun toplanması, nəşri və tədqiqində ən ardıcıl və ən fədakarlardan biri”, “elmi və xəlqi ziyalı”, “səbrü-qərar kanı” kimi frazalarla təqdim və yad edirlər.

Milli Kitabxanada prоfеssоr Vəli Xuluflunun anadan olmasının il dönümü münasibətilə yazıçının həyat yolu, fəaliyyəti və yaradıcılığı əks etdirən “Prоfеssоr Vəli Xuluflu - 130” adlı geniş kitab sərgisi açılıb.

Sərgidə alimin müəlifi olduğu kitablar, redaktə etdiyi, həyatı və yaradıcılığı haqqında yazılmış Azərbaycan və rus dillərində kitablar nümayiş olunur.

Sərgi 1 həftə davam edəcək.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi