Milli Kitabxanada “Şair Adil Babayev – 100” və “Yazıçı – dramaturq Xeyrəddin Qoca” adlı ənənəvi kitab sərgiləri açılıb - FOTO
XX əsr Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan şair, tərcüməçi, dramaturq Adil Qafar oğlu Babayev 1925-ci il yanvarın 28-də Naxçıvan şəhərində anadan olub.
Erkən çağlardan poeziyaya maraq göstərən Adil Babayevin ilk şeiri 1939-cu ildə “Gənc nəsil” məcmuəsində və “Sovet Gürcüstanı” qəzetində dərc edilib.
Sağlığında “İlk addımlar” (1949), “Gənclik illəri” (1950), “Ana ürəyi” (1957), “Unudulmuş yasəmən” (1960), “Anamın üzüyü” (1963) və s. kitabları çap olunub. Dünya ədəbiyyatından V.Şekspirdən, V.Vişhevskidən, N.Dumbadzedən çoxlu tərcümələr edib.
Adil Babayevin vəfatından sonra “Ümid sərvləri” (1977) , “Mənim abidəm” (1979), “Təzədən doğulur şair ölən gün” (1981), “Pyeslər” (1984), “Ata sorağında” (1985), “Anamın bayramı” (1987), “Fəsillər dəyişəndə” (1991), “Yaşamağı bacarmıram” (2010) və s. kitabları nəşr olunub.
Pyesləri teatr səhnələrində tamaşaya qoyulub. Sözlərinə musiqilər bəstələnib. “Azərbaycantelefilm”də şairin həyat və yaradıcılığına həsr olunan “Ata olsam belə, ata istərəm” adlı tammetrajlı sənədli film çəkilib.
Bakı və Gəncə şəhərlərində adına küçə var. Naxçıvanda respublika kitabxanası Adil Babayevin adını daşıyır.
Azərbaycan yazıçısı, nasir, dramaturq, tənqidçi Xeyrəddin Qoca 29 yanvar 1950-ci ildə Ağdaş rayonunun Qulbəndə kəndində müəllim ailəsində anadan olub.
Yazıçı-satirik “Filankəslər”, “Hərə öz payını götürsün”, “Marallar”, Türkiyədə nəşr olunmuş “Bu dünyadan məktublar”, “Gərək yazam”, “Hərənin öz payı” (ikihissəli satirik komediya), “Pyeslər”, “Bu da belə həyatdır”, “Biz bizə bənzərik” və “Yazdıqlarım... Yazılanlar...” adlı kitabların müəllifidir. "Hərənin öz payı" adlı satirik komediyası Akademik Milli Dram Teatrında tamaşaya qoyulub.
Ədibin həyat və yaradıcılığına həsr olunmuş “Xeyrəddin Qoca” (fotokitab), “Ömür belə keçir” və “Həyati proseslərin axarında” və s., “Xeyrəddin Qocanın gülüşü” adlı miniatür kitab nəşr olunub.
İctimai Televiziyada yazıçı haqqında “Ömür belə keçir” adlı film çəkilib. Heydər Əliyev Sarayında Azərbaycanda ilk dəfə “Bilirəm, səsim xoşunuza gəlməyəcək” adlı satira gecəsi keçirilib.
Jurnalistikanın müxtəlif janrlarında minlərlə yazısı Azərbaycanda və xaricdə çıxan 100-dən çox müxtəlif adda qəzet və jurnalda dərc edilib. Xaricdə və Azərbaycanda televiziya və radio efirində yüzlərlə verilişi, sujeti və çıxışları səslənib.
Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri və "91-lər"in üzvü, Milli Məclisdə I çağırış (1995-2000) deputatı olub.
Ədəbi və ictimai həyatında fəal iştirakına görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" və "Şöhrət" ordeni ilə təltif edilib.
Milli Kitabxanada şair Adıl Babayevin anadan olmasının 100 illik yubileyi münasibətilə “Şair Adil Babayev – 100” və yazıçı-dramaturq Xeyrəddin Qocanın 75 illik yubileyi münasibətilə “Yazıçı – dramaturq Xeyrəddin Qoca” adlı ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub.
Sərgidə şair Adil Babayevin əsərləri, tərcümələri, həyat və yaradıcılığı haqqında ədəbiyyatlar, sözlərinə bəstələnmiş musiqi notları, yazıçı - dramaturq, tənqidçi Xeyrəddin Qocanın əsərləri, həyat və yaradıcılığı, ictimai fəaliyyəti haqqında kitablar nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın