Milli Kitabxanada “Şirməmməd Hüseynov. Biblioqrafiya” kitabının təqdimat mərasimi keçirilib
Faktinfo.az xəbər verir ki, Milli Kitabxanada görkəmli alim və pedaqoq, cümhuriyyət və mətbuat tariximizin böyük tədqiqatçısı, professor Şirməmməd Hüseynovun 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi “Şirməmməd Hüseynov. Biblioqrafiya” kitabının və eyniadlı elektron məlumat bazasının təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, elm və mədəniyyət xadimləri, jurnalistlər və başqaları iştirak ediblər.
Tədbiri Azərbaycan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamlayıb. Qeyd edib ki, Şirməmməd Hüseynov cümhuriyyət dövrünün, Azərbaycan müstəqillik tarixinin, eləcə də mətbuat tarixinin öyrənilməsində böyük rol oynayan görkəmli şəxsiyyətlərdən biridir. O, milli məfkurəmizin böyük simaları Ü.Hacıbəyli, M.Ə.Rəsulzadə, Ə.Ağayev, Ə.Topçubaşıv, Ə.Hüseynzadə, Ö.F.Nemanzadə və başqa mütəfəkkirlərin zəngin irsini, milli tərəqqi, istiqlal düşüncəsi ilə bağlı ölməz fikirlərini böyük fədakarlıqla toplayaraq abidə nəşrlər ortaya qoymuşdur. Professor Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından 150-dən artıq biblioqrafiya nəşr etdiyini və məqsədimizin görkəmli şəxlərin xatirəsini yaşatmaq olduğunu bildirib.
Milli Məclisin sədr müavini, akademik Rəfael Hüseynov Şirməmməd Hüseynovun Azərbaycan müstəqillik mübarizələri və istiqlal düşüncəsinin salnaməçilərindən biri olduğunu söyləyib. Unudulmaz alimın həyat yolundan və yaradıcılığından ətraflı bəhs edən akademik Şirməmməd Hüseynov kimi insanların millətin sərvəti olduğunu vurğulayıb. Bu biblioqrafiya kitabının “Şirməmməd Hüseynov kimdir” sualına cavabın ən mükəmməl nümunələrdən biri olduğunu və böyükcəfakeş alimin xatirəsini əsrlərlə yaşadacaq bir abidə olacağını deyib.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Şirməmməd Hüseynovu bənzərsiz şəxsiyyət, fədakar mətbuat fəadisi və tədqiqatçısı, ustad müəllim kimi xarakterizə edib. Qeyd edib ki, Şirməmməd müəllim müstəqillik dövrü elmi və siyasi publisistikanın yaradıcılarından, mətbuat tarixinin ən görkəmli tədqiqatçılarından biridir. O, 20 cildlik mətbuat tarixi salnaməsinin yaradıcısı, 800-dən artıq elmi və elmi-publisistik məqalənin müəllifidir. Təqdim olunan biblioqrafiya kitabını isə Şirməmməd müəllimin yaradıcılığını gələcək nəsillər, tədqiqatçılar üçün bir mayaq olacağını bildirib.
Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli, Milli Məclisin Elm və təhsil Komitəsinin sədri, professor Anar İsgəndərov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Mətbuat Şurasının sədri, Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, Medianın İnkişafı Agentliyinin direktor müavini Natiq Məmmədli, BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmli, Milli Məclisin deputatı, əməkdar jurnalist Vüqar Rəhimzadə, “Ədəbiyyat qəzeti”-nin baş redaktoru, fil.ü.fəl.doktoru Azər Turan Şirməmməd Hüseynov haqqında xatirələrindən bəhs ediblər. Çıxışçılar Şirməmməd Hüseynovu Azərbaycan mətbuat tarixinin yaradıcısı, ictimai fikir tarixinin eləcə də cümhuriyyət dövrünün araşdırmaçısı, tədqiqatçısı kimi xarakterizə ediblər. Şirməmməd Hüseynovun həm alim həm də pedaqoq kimi Azərbaycan klassik jurnalistikasının görkəmli simalarının irsini hərtərəfli araşdıraraq yetişməkdə olan nəslə çatdırılmasında mühüm xidmətlər göstərdiyini söyləyiblər.
Tədbirin davamında Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan "Professor Şirməmməd Hüseynov-100" adlı elektron məlumat bazasının təqdimatı olub.
Sonda ailəsi adından çıxış edən Şirməmməd Hüseynovun qızı Azərbaycan Milli Konservatoriyasının prorektoru, professor Lalə Hüseynova tədbirin təşkilinə görə Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirova eləcə də biblioqrafiyanın hazırlanmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib. Atasının həyat pirinsiplərinə sadiq qalaraq ənənələrini davam edirdiklərini hər zaman qəlblərində yaşadığını söyləyib.
Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi “Şirməmməd Hüseynov. Biblioqrafiya”nın tərtibçisi Lalə Şirinova, elmi redaktoru prof. Kərim Tahirov, ön sözün müəllifi akademik Rafael Hüseynov, məsləhətçi və redaktor isə Ülkər Hüseynovadır. Biblioqrafiyada Şirməmməd Hüseynovun həyat və fəaliyyətinin əsas tarixləri, görkəmli şəxsiyyətlərin onun haqqında fikirləri, alimin kitabları, dövri mətbuat, dərslik və məcmuələrdə çap olunmuş əsərləri, tərcümələri, həyat və yaradıcılığı haqqında zəngin materiallar toplanmışdır. Biblioqrafiyada həmçinin görkəmli alimin dünyanın ən zəngin milli, dövlət və universitet kitabxanalarında mühafizə olunan əsərləri də öz əksini tapmışdır. Biblioqrafiya alimlər, tədqiqatçılar, mətbuat işçiləri, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Bu xəbər üçün şərh yazın