Milli Kitabxanada “Şuşa zərgərlik məmulatları” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

Milli Kitabxanada “Şuşa zərgərlik məmulatları” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub 

Şuşa Azərbaycanın tarix və memarlıq abidəsidir. Milli memarlıq üslubu ilə seçilən, orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi adlandırılan Şuşa şərqlilərə məxsus arxitekturası ilə fərqlənib.Azərbaycanın alınmaz qalası, mədəniyyət məbədi olan bu qədim şəhər özü boyda tarixi abidədir.

Ulu Öndər Heydər Əliyev Şuşanın Azərbaycan üçün nə dərəcədə əhəmiyyətli olduğunu bildirərək deyib: “...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir”.

Şuşa bir çox görkəmli sənətkarların, musiqiçi, memar, rəssam və ədiblərin, dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş şəxsiyyətlərin yetişdiyi bir yerdir. Şuşa həm də xalqımızın varlığını özündə yaşadan tarixi, mədəniyyət abidələri, o cümlədən sənətkarlıq nümunələri – onun tərkib hissəsi olan zərgərlik məmulatları ilə də zəngindir.

XVIII əsrdən başlayaraq Şuşada daha rəvan inkişaf etmiş sənət sahələrindən biri də zərgərlik olub. XX əsrin əvvəllərində isə bu sənət öz inkişafında ən yüksək zirvəyə çatıb. Həmin dövrdə, Şuşada zərgərliyin qəlibkarlıq üsulu daha geniş yayılmışdı. Şuşa zərgərləri yüksək əyarlı qızıl və gümüşdən müxtəlif məmulatlar hazırlanmasına daha çox üstünlük verirdilər. Şuşa zərgərləri özlərinin gözəl əl işləri ilə Azərbaycanı xarici dövlətlərdə tanıtmışlar.

Milli Kitabxananın əməkdaşları tərəfindən “Şuşa zərgərlik məmulatları” adlı virtual sərgi hazırlanaraq onlayn rejimdə istifadəçilərə təqdim olunub.

Virtual sərgidə Şuşa şəhərinin sənətkarlarının hazırladığı zərgərlik nümunələri, onların təsnifatı, haqqında məlumatlar, əyani-vizual görüntüləri və qısa tarixi öz əksini tapıb.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Susa_zergerlik_memulatlari/index.htm linkindən istifadə edə bilərlər.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi