Milli Kitabxanada "Xalq yazıçısı Qılman İlkin" adlı kitab sərgisi açılıb

Milli Kitabxanada "Xalq yazıçısı Qılman İlkin" adlı kitab sərgisi açılıb - FOTO

Azərbaycanın Xalq yazıçısı Qılman İlkin 1914-cü il aprel ayının 28-də Bakının Mərdəkan kəndində anadan olub.

Qılman İlkin ədəbi yaradıcılığa 1943-cü ildə "Yaralı şahin" adlı hekayəsi ilə başlayıb. Onun Nəcəf bəy Vəzirovun uşaqlıq illərinə həsr etdiyi "Həyat yollarında" adlı povesti 1947-ci ildə çapdan çıxıb.

"Qalada üsyan", "Dəniz qapısı", "Madam Qədri" adlı romanların, "Həyat yollarında", "Ömrümün cavan çağları", "Üçtəpə uşaqları", "Dəniz həmişə göy olur", "Şimal küləyi" və digər povestlərin, “Cərrahlar", "Tayqa nağılı", "Əsgər müharibədən qayıdırdı", "Geriyə yol yoxdur", "Çətin döngələr", "Baba və nəvə", "Həyat sınaqları", "Qarışqa şıllaq atdı" pyeslərin və silsilə hekayələrin müəllifidir. Onun "Bakı və bakılılar" kitabı isə təkcə Bakının deyil, ətraf kəndlərin tarixinə dair zəngin materialların yer aldığı qiymətli mənbədir.

1994–2000-ci illərdə "Sən Bakını tanıyırsanmı?", "Tovuz lələyi" kitabları kütləvi tirajla nəşr olunub.

Yazıçı bir sıra xalqların dillərinə tərcümə olunaraq ölkəmizin hüdudlarından kənarda yayılan əsərləri ilə nəsrimizi layiqincə təmsil edib. Eyni zamanda onun tərcümələri sayəsində Azərbaycan oxucusu dünya ədəbi fikrinin bəzi nümunələri ilə tanış olmaq imkanı qazanıb.

Qılman İlkin Azərbaycanın kino salnaməsinə daxil olmuş bir neçə bədii filmin və televiziya tamaşalarının ssenari müəllifi kimi də tanınıb. Xalq yazıçısının əsərlərinin əksəriyyəti uzun müddət televiziyada nümayiş olunub, "Təzə şagird" pyesi isə tamaşaya qoyulub. Onun "Qalada üsyan" romanı əsasında "Azərbaycanfilm"də "Yenilməz batalyon" filmi çəkilib. Yazıçı, eyni zamanda "Kölgələr sürünür" filminin və bir neçə sənədli film və televiziya tamaşalarının ssenari müəllifidir.

 Qılman İlkinin müasir Azərbaycan ədəbiyyatı və mətbuatının inkişafında səmərəli xidmətləri qiymətləndirilib. O, bir çox mükafatlara və təltiflərə, o cümlədən Azərbaycan Respublikasının "Xalq yazıçısı" və "Əməkdar incəsənət xadimi" fəxri adlarına layiq görülüb.

Faktinfo.az xəbər verir ki,bu gün Qılman İlkinin anadan olmasının 110 ili tamam olur. Bu münasibətlə Milli Kitabxanada yazıçının həyat yolu, fəaliyyəti və yaradıcılığı ilə bağlı “Xalq yazıçısı Qılman İlkin” adlı geniş kitab sərgisi açılıb.

Sərgidə yazıçının əsərləri, dünya ədəbiyyatından tərcümələri, tərtibçisi, ön söz, məsləhətçisi olduğu və redaktə etdiyi kitablar, həyatı və yaradıcılığı haqqında yazılmış ədəbiyyatlar Azərbaycan və rus dillərdə nümayiş olunur.

Sərgi 1 həftə davam edəcək.


Milli Kitabxanada "Xalq yazıçısı Qılman İlkin" adlı kitab sərgisi açılıb
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi