Milli Kitabxanada "Zülfüqar Hacıbəyli -140" adlı kitab sərgisi açılıb - FOTO
Azərbaycanın Əməkdar incəsənət xadimi, görkəmli bəstəkar Zülfüqar Hacıbəyli 1884-cü il aprelin 17-də Şuşa şəhərində anadan olub.
Uşaqlıq illəri bu ecazkar musiqi beşiyində keçib. Gənc yaşlarından musiqiyə əbədi bağlanan Zülfüqar Hacıbəyli ilk biliyini xalq musiqisindən alıb.
Onun yaradıcılığı rəngarəngdir. Milli musiqi xəzinəmizə bəxş etdiyi töhfələr çoxdur.
Yaradıcılığa mahnı janrı ilə başlayan Zülfüqar Hacıbəyli geniş şöhrət qazanıb. XX əsrin birinci rübündə məşhurlaşan “Kənd qızı”, “Çoban qız” və “Əsgər nəğməsi” bəstəkarın ilk mahnılarındandır.
Zülfüqar Hacıbəyli ilk Azərbaycan operettası – "50 yaşında cavan" (1910) əsərinin müəllifidir. Mətni də, musiqisi də özünə məxsus olan operetta Azərbaycan səhnəsində komediya janrının ilk nümunəsi sayılır.
Bəstəkarın xalq musiqisi ilə Avropa musiqisini birləşdirən “Aşıq Qərib” operası o vaxt ictimai-mədəni həyatda böyük marağa səbəb olub.
Musiqili Teatrın əsasını qoyan görkəmli sənət xadimlərindən biri kimi Zülfüqar Hacıbəyli respublikanın ictimai-mədəni həyatında da fəallıq göstərib. Lakin yazıb başa çatdıra bilmədiyi çoxlu sayda əsərləri qalıb. Onun arxivdə müxtəlif janrda yazdığı yarımçıq qalmış əsərləri var.
Faktinfo.az xəbər verir ki,Milli Kitabxanada görkəmli bəstəkarın doğum günü ilə əlaqədar “Zülfüqar Hacıbəyli -140” adlı geniş kitab sərgisi hazırlanıb.
Sərgidə Milli Kitabxananın fondunda mühafizə olunan bəstəkarın əsərləri, həyatı haqqında, Azərbaycan klassik musiqisinin formalaşmasında, opera sənətinin, eyni zamanda musiqi teatrının təşkili və inkişafında Zülfüqar Hacıbəylinin rolundan bəhs edən kitablar Azərbaycan və rus dillərində nümayiş olunur.
Sərgi 1 həftə davam edəcək.
Bu xəbər üçün şərh yazın