MN-də ağlasığmaz MAXİNASİYALAR... - Fantastik məbləğdə talama, rütbəlilərin qeyri-qanuni əməlləri...

MN-də ağlasığmaz MAXİNASİYALAR... - Fantastik məbləğdə talama, rütbəlilərin qeyri-qanuni əməlləri... 

“Müdafiə Nazirliyində yoxlamalar zamanı ağlasığmaz yeyintilər aşkar edilib. Bundan sonra yüksək post tutmuş generalların həbs olunacağını görə biləcəyik”.

Bunu Müdafiə Nazirliyindəki araşdırmalar, bəzi şəxslərin törətdiyi əməllər, yoxlanılmalı olan sahələri Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlayıb.

Rövşən Məhərrəmov bildirib ki, araşdırmalar nəticəsində yeyintinin miqdarının fantastik həddə olduğunu üzə çıxarır:

“Müdafiə Nazirliyində yeyintiyə görə saxlanılanların sayını itiririk. Aldığım məlumata görə, aşağı vəzifəli şəxslərdən tutmuş ali rütbəlilərə qədər saxlanılanlar var. Yoxlamalar davam edir və nəticədə milyonlarla yeyintilər aşkar olunur. Maliyyə İdarəsinin rəisinin 80 milyon 600 min manat yeyintiyə yol verdiyi aşkar olunmuşdu. Bu ilkin araşdırma idi. Artıq bu rəqəm 150 milyonu keçib.

Satınalma və Təchizat İdarəsində, Mənzil İstismar İdarəsində, İşlər İdarəsində yoxlamalar gedir. İşlər İdarəsinin keçmiş rəisi İlqar Məmmədov hal-hazırda sərəncamdadır. Yəqin ki, tərxis olunacaq. Onun vəzifədə olduğu illərdə təkcə Müdafiə Nazirliyinin ərazisinin yaşıllaşdırılması adı altında 1 milyon manat yeyilib.

Xidməti mənzillərin paylanması komissiyasının sədri İlqar Məmmədovdur. İlqar Məmmədov Nəcməddin Sadıkovun kadrıdır. Evləri paylayan İlqar Məmmədov uzun illər xidmət etmiş zabitlərə mənzillər verməyib, ancaq 3-4 aylıq xidmətə başlamış MAXE qadınlara mənzil paylayıb, Nəcməddin Sadıkova yaxınlığı olan hər bir kəsə ev verib. Heç bir xidməti olmayanlara xidməti evlər verilib. İlqar Məmmədov Səfər Əbiyev nazir olan zaman ordudan xəstəliyinə görə tərxis olundu. Səfər Əbiyev gedəndən sonra Nəcməddin Sadıkovun köməkliyi ilə xəstə ola-ola yenidən xidmətə çağırıldı, İşlər İdarəsinə rəis təyin olundu. İ.Məmmədov evi ola-ola özünə də mənzil götürmüşdü. Birinci Qarabağ müharibəsi zamanı hətta heç bir ezamiyyətdə olmaya-olmaya veteranlıq statusu alıb. Arxivlər İlqar Məmmədovun tabeçiliyindədir. O, özünə veteranlıq düzəldib. Yəqin ki, saxtakarlıq edib.

Həbs olanlar arasındakı Nizami Məmmədov da Nəcməddin Sadıkovun adamı idi. Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin rəisi Nəcməddin Sadıkova yaxınlığı ilə tanınan “şlyapa” ləqəbli Zahid Niftəliyevin qudasıdır.

Mənzil İstismar İdarəsinin keçmiş rəisi Fikrət Mirzəyev həbs olundu. Onu da yeyinti ilə əlaqədar həbs ediblər. Onun kirvəsi general Rasim Babayev eyni vaxtda bir neçə vəzifə tuturdu. Onu Nəcməddin Sadıkovun bacısı oğlu Ramin Əsgərovun dəstəyi ilə vəzifəyə gətiriblər. Əvvələr bir yerdə donanmada xidmət ediblər. Rasim Babayev heç vaxt böyük vəzifə tutmamışdı. Ən böyük vəzifəsi hərbi hissənin kadrlar rəisi olmuşdu. O, 2014-cü ildə polkovnik-leytenant vəzifəsindən birbaşa Təşkilat Səfərbərlik İdarəsinə rəis müavini təyin edildi. Əlbəttə ki, Nəcməddin Sadıkovun dəstəyi ilə…

Bir müddət keçdikdən sonra öz rəisi polkovnik Hikmət Xalikov barədə böhtan xarakterli məlumatları Nəcməddin Sadıkova ötürərək, öz rəisini vəzifədən çıxartdırmağa nail oldu.
Bir müddət ötdükdən sonra yenə Nəcməddin Sadıkovun xeyir-duası ilə general-mayor rütbəsinə layiq görüldü.

Hərbi hissələrdə yer dəyişmələr, əsgərlərin ön xətdən arxa cəbhəyə keçirilməsi, idmançı olmayanların MOİK-də sərəncamlarının hazırlanması və öz imzası ilə təsdiqini Rasim Babayev həyata keçirirdi. Rasim Babayev bunlara görə bir başa cavabdehlik daşıyır. Rasim Babayevin “xəbəri olmamış olmaz”, aprel döyüşlərində və 44 günlük vətən müharibəsi dövründə, nə qədər əsgərlərimiz döyüşlərdən yayındırılıb və arxa cəbhəyə göndərilib.

Babayev Rasim öz ştat vəzifəsindən başqa Nəcməddin Sadikovun dəstəyi ilə Mənzil Komissiyasının sədri təyin edilmişdi.

Ordumuzda MAXE-lərin xidmətə qəbulu ilə bağlı ictimayətdə neqativ söz-söhbətin ardı-arası kəsilmirdi.

2014-2016-cı illərdə və daha əvvəlki illərdə qəbulun necə keçirildiyini izah edim.

Təşkilat Səfərbərlik İdarəsinə general Yaşar Aydəmirov, ondan sonra polkovnik Hikmət Xalilov rəhbərlik etdikləri dövrdə MAXE-lərin xidmətə qəbulunu korpus komandirləri və qoşun növləri komandanları həyata keçirirdi. O dövrdə MAXE-lərin xidmətə qəbulunda demək olar ki, rüşvət alma halları yox səviyyəsində idi. Hər şey Rasim Babayevin təyin edilməsi ilə dəyişdi.

O, layiq olmadığı vəzifəyə təyin olunan kimi bütün korpus komandirlərinə və qoşun növləri komandanlarına göstəriş verdi ki, hər bir xidmətə qəbul edilmiş MAXE-lərə görə haqq verilməlidirlər. Bunun bu hərəkəti komandir və rəis heyəti tərəfindən etirazla qarşılandı.

Rasim Babayevlə Ramin Əsgərov birlikdə Nəcməddin Sadıkovdan bu qazanc mənbəyinin əldən çıxmaması üçün dəstək və kömək istədilər. Nəməddin Sadıkov isə MAXE-lərin qəbulunun mərkəzləşmiş qaydada həyata keçirilməsi barədə sərəncam imzaladı.
Sərəncam imzalanan gündən MAXE-lərin qəbulu, onların şəxsi keyfiyyətindən çox, rüşvətlə həyata keçirildi. Bu isə çox böyük narazılığa səbəb oldu və o olaylar mətbuatda da işıqlandı.

Rasim Babayev özü veteran olmaya-olmaya Veteranlar Komissiyasının sədri idi. Hesab edirəm ki, o komissiyaya döyüşmüş, veteran olmuş şəxs təyin edilməli idi.

Fikrimcə, Dövlət Təhlükəsizlik Xİdməti və Hərbi prokurorluq mətbuatda gedən yazıları da yoxlamalıdır. Əgər belə bir araşdırma aparılsa, ağlasığmaz yeyintilər üzə çıxacaq.

Dövlət büdcəsindən ayrılmış vəsaiti talayan hər bir şəxs rütbəsindən və vəzifəsindən salı olmayaraq cəzalandırılmalıdır”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi