"Müxalifət özünü öldürməsin, İlham Əliyevə səs verəcəm" - Flora Kərimova
Xalq artisti Flora Kərimova 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkilərində kimi dəstəkləyəcəyi barədə fikrini səsləndirib.
O, növbədənkənar seçkilərdə İlham Əliyevə səs verəcəyini söyləyib.
"Mən o adamı seçirəm ki, vətənimi azad edib, millətimə hörmət edir. Mən o adama səs verirəm ki, ürəyi Azərbaycanla döyünür. İlham Əliyev məhz belə bir adamdır. Ona alternativ yoxdur. Min şükür Allaha ki, yüz illərlə əziyyət çəkən millətimə qələbə nəsib etdi. Seçkilərdə mən İlham Əliyevə səs verəcəm. Axı, onun alternativi yoxdur. O, el oğludur, millət oğludur. Müxalifət özünü öldürməsin, özünə əziyyət verməsin. İlham Əliyevin yanında dura biləcək alternativ yoxdur. "Kimə səs verəcəksiniz" sualına təmiz azərbaycanlıların hamısının cavabı "İlham Əliyev" olacaq".
F.Kərimova bəstəkar Cavanşir Quliyevi saytımıza verdiyi açıqlamaya görə qınayanlarla razılaşmayıb. O, Cavanşir Quliyevi müdafiə edib:
"İlham Əliyevə dəstəyini ifadə etdiyinə görə onu tənqid edən şəxslər oldu. Onlara ayıb olsun! Onlar nə vətəni, nə milləti sevəndi, nə də torpaq qədri biləndir. Azərbaycan həmin şəxslər üçün heç nədir. Belə şəxslər vətənsiz, yurdsuz insanlardır. Onlar üçün fərqi yoxdur, harada yaşayır, kimin çörəyini yeyir".
Bu xəbər üçün şərh yazın