Narkomanlar "Semaşko"da xəstələri oksigensiz qoydu - Video
Bakıda 1 saylı Kliniki Tibbi Mərkəzdə xəstələrə qoşulan oksigen balonlarının dəmir boruları oğurlanıb, xəstələr oksigen çatışmazlığı riski, yəni ölümlə üz-üzə qalıblar.
Hadisə ötən gecə baş verib.
Xəstə yaxınlarının sözlərinə görə, hadisə zamanı ölüm qeydə alınmasa da, balonların işləməyəcəyini düşünən hər kəs stresə girib və baş vermiş hadisə ilə bağlı onlara məlumat verilən kimi dərhal xəstəxanaya gəliblər.
Məsələ ilə bağlı 1 saylı Kliniki Tibbi Mərkəzdən bildirilib ki, xəstəxana daxilində 2 oksigen stansiyası fəaliyyət göstərir. Əsas oksigen stansiyasında heç bir problem yaşanmayıb. Problem ehtiyat yarımstansiyada baş verib. Stansiyada olan azot balonlarının mis ştativləri oğurlanıb.
Hadisənin ərazinin yaxınlığında yerləşən narkoloji dispanserdə yatan xəstələr tərəfindən törədildiyindən şübhələnilir. Güman olunur ki, gecə narkotik istifadəçiləri 1 saylı Kliniki Tibbi Mərkəzin zirzəmisinə girərək üçüncü korpusa gələn oksigen borularının xəttini kəsib götürüblər. Həmin korpusda oksigenə ehtiyacı olan xəstə olmadığından heç kim zərər çəkməyib. Problem qısa müddətdə aradan qaldırılıb.
Artıq fakt ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib, məsələ Nəsimi rayon Polis İdarəsinin 20-ci bölməsində araşdırılır. O da qeyd olunub ki, bu, artıq xəstəxana daxilində baş vermiş ikinci belə hadisədir./Axar.az
Bu xəbər üçün şərh yazın