Natiq Cəfərli: TƏBİB-in yaradılmasına görə məsuliyyət daşıyanlar hesabat verməlidirlər

Natiq Cəfərli: TƏBİB-in yaradılmasına görə məsuliyyət daşıyanlar hesabat verməlidirlər 

REAL Partiyasının sədri Natiq Cəfərli TƏBİB-in fəaliyyətinin yenidən təşkili məsələsini şərh edərək, qurumun yaradılması ilə bağlı qərarların təşəbbüskarlarının məsuliyyəti və dövlət vəsaitlərinin xərclənməsi barədə suallar qaldırıb.

Gununsesi.info xəbər verir ki, Natiq Cəfərlinin fikrincə, TƏBİB-in yaradılması üçün vaxtilə təkliflər verən və bu modelin tətbiqini dəstəkləyən şəxslər qəbul edilmiş qərarların nəticələrinə görə də məsuliyyət daşımalıdırlar.

O qeyd edib ki, TƏBİB-in ləğvi və səlahiyyətlərin yenidən Səhiyyə Nazirliyində cəmləşdirilməsi idarəetmədə vahid mərkəzdən koordinasiyanın vacibliyi məsələsini gündəmə gətirir.

Cəfərli xüsusilə 2018-ci ildən indiyədək TƏBİB-in inzibati xərclərinin nə qədər olduğunu və bu vəsaitlərin səhiyyə sisteminin inkişafına yönəldilməsi halında hansı nəticələrin əldə edilə biləcəyini sorğulayıb.

O, xərclənən vəsaitlərin şəffaf hesabatının təqdim edilməsinin vacibliyini vurğulayaraq, həmin vəsaitlərlə neçə yeni xəstəxananın tikilə, neçə həkimin işə götürülə biləcəyinin araşdırılmasını təklif edib.

Natiq Cəfərlinin qənaətinə görə, ölkədə qərarların qəbuluna dair təkliflər irəli sürən şəxslərin səlahiyyətləri ilə yanaşı, məsuliyyət mexanizmləri də olmalıdır.

Onun fikrincə, dövlət idarəçiliyində struktur dəyişiklikləri və yeni qurumların yaradılması zamanı qərarların effektivliyi və büdcə xərclərinin nəticələri qiymətləndirilməlidir.

REAL Partiyasının sədri mümkün struktur dəyişikliklərinin digər sahələrdə də gündəmə gələ biləcəyini bildirib. O, nəqliyyat və yol infrastrukturu ilə məşğul olan qurumların vahid idarəetmə mərkəzində birləşdirilməsi ehtimalına diqqət çəkib.

Cəfərli, həmçinin iqtisadi fəaliyyətin həddindən artıq tənzimlənməsi məqsədilə yaradılmış bəzi qurum və agentliklərin gələcəkdə ləğv edilə biləcəyini qeyd edib.

Onun fikrincə, belə addımlar iqtisadi azadlıqların genişləndirilməsinə və iqtisadi inkişaf qarşısındakı maneələrin aradan qaldırılmasına xidmət edə bilər.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
⇪