Nizami rayonunda tikinti şirkətindən narazılıq edilir- "Qismət - M House" MMC isə...

Nizami rayonunda tikinti şirkətindən narazılıq edilir- "Qismət - M House" MMC isə... 

"Mən, Rza Hüseynli, yazıb bildirirəm ki, bizim Bakı şəhəri, Nizami rayonu, R. Rüstəmov 24 ünvanında mülklərimiz vardır və bunlardan birincisi gözəllik salonu olaraq fəaliyyət göstərir (binanın 1-ci mərtəbəsində yerləşir). Sözügedən əmlakın istər çöl quruluşu (giriş qapısı, reklamı və s), istərsə də içəri hissəsinin quruluşu buranın qeyri-yaşayış sahəsi olaraq xidmət göstərdiyini sübuta yetirir. Eyni zamanda, kommunal ödənişləri də qeyri-yaşayış sahəsi olaraq ödənilmişdir.


Lakin həmin ərazidə tikinti faəliyyəti həyata keçirən şirkət “Qismət - M House” MMC (Premium Park Neftçilər) göstərilən şəraiti və faktiki vəziyyəti nəzərə almayaraq yalnız öz maraqlarını və mövqeyini əks etdirən təklif etməkdədir. Biz də bununla bağlı narazıçılığımızı şirkətə bildirmişik və mövcud mülkümüzün yerinə, sahəsinə və vəziyyətinə uyğun olaraq qeyri-yaşayış sahəsilə bağlı təklifimizi irəli sürmüşük.


2-ci mülk isə eyni ünvanda həmin binanın alt mərtəbəsində (-1 də) yerləşir və xüsusi mülkiyyət növü, qeyri yaşayış sahəsi olaraq adımıza qeydiyyatdadır. Şirkət tərəfindən buraya qaraj təklif edilir və biz bununla tamamilə razı deyilik.


Biz bir neçə dəfə şirkətin səlahiyyətli nümayəndəsi olan layihə rəhbəri Məmmədrəsul Bilalovla görüşmüşük və təkliflərimizi, narahatçılığımızı ona bildirmişik. Layihə rəhbəri onunla keçirdiyimiz görüşlərin sonuncusunda bizə razı olsaq da, olmasaq da heçbir əsas olmadan bizim mülklərimizi sökəcəklərini söyləmişdir. Bu görüşdən əvvəl 2-ci olaraq qeyd etdiyim mülkün qapısı sökülmüşdür və mən bununla bağlı layihə rəhbəri ilə əlaqə saxladım, hüquqlarımızın pozulmasını araşdırmaq istəyərkən onun tərəfindən “bizimlə qapı söhbəti eləmiyin”, “mənimlə müstəntiq-müstəntiq danışmayın” kimi ifadələrlə rastlaşdım. Bundan sonra şirkətin digər rəhbər şəxslərindən biri olan Xalid bəylə görüşdük.


Bizim razılığa gələ bilmədiyimiz təqdirdə məsələnin məhkəmə tərəfindən hüquqi çərçivədə həll olunması ilə bağlı müzakirə apararkən o, bizə məhkəmənin qərarlarına şirkətin lehinə olacaq şəkildə müdaxilə edə biləcəklərini bildirdi. Şirkət rəhbərliyi tərəfindən göstərilən rəftar və söylənən ifadələr onların bu məsələyə necə uyğun olmayan tərzdə yanaşdıqlarını göstərir. Bir digər məsələ isə şirkət tərəfindən söylənilən məhz bizim onların işini uzunmüddətli gecikdirməyimiz və çətinlik yaratmağımızdır ki, bu da tamamilə əsassızdır.


Belə ki, bizdən öncəki son sakinlər yenicə razılaşdırılmış, şirkət nümayəndənləri ilə apardığımız axırıncı görüşlərdə biz son sakin olaraq iştirak etməmişik. Şirkət tərəfindən belə bildirilməyi digər sakinləri və ictimaiyyəti yanlış yönləndirmək, bizim zərərçəkən olduğumuz halda (binanın şəraitinə görə obyekt fəaliyyət göstərə bilmir, şirkət tərəfindən kompensasiya ilə əlaqəli heç bir söz deyilmir), şirkətin zərərçəkən kimi göstərilməsi istəklərindən irəli gəlir.


Məsələ şirkət rəhbərliyinin düzgün olmayan təklif, rəftar və hərəkətləri səbəbindən uzanmışdır. Son olaraq qeyd edirəm ki, şirkətin təklifləri ilə bağlı narahatçılıq və narazıçılığımızı bildirmişik, bizə məxsus olan əmlakların yerinə və sahəsinə uyğun olan qeyri-yaşayış sahəsi ilə bağlı təklifimizi irəli sürmüşük. Hal-hazırda da bu məsələnin düzgün şəkildə həll olunması üçün əlaqədar dövlət qurumlarına müraciət etməkdəyik!."


Qarşı tərəfin yəni Qismət House MMC rəhbərliyinin isə sözügedən məsələdə yazılı mövqeyi bucürdür:


Sakinlə tikinti şirkəti arasında yaranan anlaşılmazlıq barədə Sizin , müvafiq qaydalara uyğun olaraq söküntüsü nəzəzrdə tutulan Bakı ş. Nizami r-nu, R. Rüstəmov 24 ünvanındakı köhnə binanın 2 saylı 2 otaqlı mənzilinin sahibi İsamyılova Xatirə Ələsgər qızının köçürülməsi ilə əlaqədar sorğunuza cavab olaraq aşağıdakıları bildiririk:


İsmayılova Xatirə Ələsgər qızının adından ofisimizə Murad və Rza adında övladları (Sakin) müraciət etmişdir. Sakinlər etibarnamə təqdim etməsələr də özlərinin 50 m2 köhnə mənzilinin əvəzinə onlara həmin ərazidə inşa ediləcək yeni binada ümumi sahəsi 76 m2 olan 2 otaqlı, yeni, təmirli mənzil təklif olunmuşdur.


Köhnə mənzili qeyri-yaşayış sahəsi kim kommersiya məqsədləri üçün istifadə etdiklərinə görə bizdən qeyr-yaşayış sahəsi istədikdə onlara imtina cavabı vermişik. Səbəbi də həmin sahəyə dair mülkiyyəti təsdiq edən köhnə mənzilin Çıxarışında əmlakın növünün yaşayış kimi qeyd edilməsi olmuşdur. Sakin isə hər dəfə görüşdə yeni inşa olunmuş binanın I mərtəbəsində eyni sahədə qeyri-yaşayış obyekti istəmişdir. Biz isə indiyədək bütün sakinlərə köhnə mənzilinin sahəsinin 20%-dən artıq sahəsi olan yeni mənzil vermişik.


2. İsamyılova Xatirə Ələsgər qızının Bakı ş. Nizami r-nu, R. Rüstəmov 24 ünvanındakı 2 otaqlı 2 saylı mənzilinin altında yerləşən zirzəminin 46,7 m2 hissəsi qeyri-yaşayış sahəsi kimi onun tərəfindən özəlləşdirmişdir. Həmin sahəyə görə biz onun adından ofisimizə müraciət edən Murad və Rza adında şəxslərə (Sakin) həmin ərazidə inşa ediləcək yeni binanın – 2 – ci zirzəmi mərtəbəsində eyni ölçüdə qeyri-yaşayış sahəsi təklif etmişik.


Sakinə də izah olunmuşdur ki, köhnə binanın zirzəmisinin hündürlüyü 2.2 metr olduğu halda yeni binada zirzəmi hündürlüyü 3 metrdir. Köhnə zirzəminin həcmi 102 m3 olduğu halda yeni zirzəminin həcmi 135 m3 -dur. Köhnə zirzəminin girişi ümumi istifadəli blokdan , hündürlüyü 1,3 metr olan qapıdandırsa, yeni zirzəmiyə nəinki insan sərbəst daxil ola bilər, həmçinin minik avtomobili ilə də daxil olmaq olar. Sakin isə hər dəfə görüşdə yeni inşa olunmuş binanın I mərtəbəsində eyni sahədə qeyri-yaşayış obyekti istəmişdir.


Əlavə olaraq bildirirəm ki, Bakı ş. Nizami r-nu, R. Rüstəmov 24 ünvanındakı binanın bütün sakinləri ilə razılaşma əldə edib müqavilə bağlayıb köçürüldüyü halda 2 saylı mənzilin sahibi verdiyimiz təkliflə razılaşmamaqla ümumi işimizi çətinləşdirir. Bu da köçən sakinlərin vaxtında geri qaytarılmasını yubatmaqla yanaşı , şirkətimizə hər gün üçün min manatlarla ölçülən zərərin vurulması deməkdir./Xalqxeber.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi