Növbədən kənar parlament seçkiləri keçiriləcək- Əli Əliyev
“Deputat səlahiyyətlərinin məhdudlaşdırılması, daha doğrusu sözə baxmayanların cəzalandırılması prosedurlarının daxili nizamnaməyə salınması növbədənkənar Parlament seçkilərinin keçiriləcəyinin əsas əlamətidir”.
“AzPolitika.info”nun məlumatına görə,Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanuna edilmiş dəyişikliklərə münasibət bildirərkən belə iddia irəli sürüb.
Sözügedən qanuna ən diqqətçəkən dəyişiklik Milli Məclisin 9 nəfərdən ibarət İntizam Komissiyasına deputatı mandatından məhrum etmək səlahiyyətinin verilməsidir.
VİP sədri belə hesab edir ki, hakimiyyət ciddi xarici təzyiq qarşısında parlamenti buraxmağa hazırlaşır.
“Həm də bu onun göstəricisidir ki, iqtidar məcburiyyətdən nəzarət edə bilmədiklərini də Parlamentə buraxmaq zorundadır. Yəni beynəlxalq təzyiq dözülməzdir. Deməli, yeni siyasi eranın başlanması haqda dediklərim təsdiqini tapır”.
Partiya sədrinin fikrincə, müxalifət bu siqnalı düzgün qavramalı, təşkilatlanmalıdır.“Seçkilərə hazırlıq başlamalıdır. Ən geci gələn ilin payızına seçkilər olacaq. Büdcəyə transferlərin artırılması da seçkilərin olacağının indikatorudur. Hakimiyyət Qərbin təzyiqinə tab gətirə bilmirsə, müxalifət üçün bundan yaxşı fürsət ola bilməz”.
Qeyd edək ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalı xeyli müddətdir aktuallaşıb. Belə məlumatlar var ki, Qərb, parlamenti yenidən formalaşdırmaq tələbilə hakimiyyətə güclü təzyiq edir.
V.Nəsibov
Bu xəbər üçün şərh yazın