
"O gecə Eldar Mahmudov da evinə getmir..." - Pərviz Həşimli azadlığa çıxan Elçin Quliyevdən yazdı…
Bu gün nə az, nə çox, düz 10 il 6 aydan sonra MTN-nin Anti-Terror Mərkəzinin sabiq rəisi Elçin Quliyev azadlığa çıxıb.
Elçin Quliyev MTN generalları arasında ona təyin olunmuş cəzanı sonadək çəkən şəxs oldu.
Onu ilk dəfə həbs olunduğum gecə görmüşdüm.
Yaxşı xatırlayıram, qollarımda qandal, başımda qara torba onun otağına apardılar.
Başımdan torbanı çıxaranda qarşımda böyük kresloda genələ-genələ əlindəki iri təsbehini fırladan Elçin Quliyevi gördüm.
Mənə ilk sözü “Gördün, torbanı necə tikdim?” deməsi oldu. Susdum.
Mənim bu susqunluğumu isə müavini İlqar Əliyev pozdu.
“2015 də deputat olmaq istəyirdin, həbsə girdin” .
Elçin Quliyev isə “yenə də gec deyil, özündən asılıdır” dedi.
Müdhiş gecə idi.
Şəhərin mərkəzində 30-40 maskalının zorakı hücumu ilə həbs olunursan, sonra səni MTN-də psixoloji təzyiq üçün işgəncə otaqlarında saxlayırlar.
Amma bir neçə saatdan sonra Elçin Quliyevin otağında hər şey dəyişir.
“Qurd qapısı”ndan kabab,araq gəlir və generalın otağında masaya düzülür.
Məcbur etsələr də, əlimi uzatmıram. O gecə Eldar Mahmudov da evinə getmir.
Gələn zəng zamanı kreslodan dik atılanda bilirəm ki, nazirdir.
Elçin Quliyev isə hər dəfə “Cənab nazir, Pərviz ağıllı oğlandır, bizi incitməz” deyir.
Beləcə, o gecəni səhərə kimi Elçinin otağında keçirdim.
Böyük pullar, mandat vədlərinə boyun əyib, tələbləri ilə razılaşmadım.
Artıq səhər 7-8 radələri olardı.
Elçin mənə “son fikrindi” deyə soruşanda başımla təsdiqlədim.
Yuxulu-yuxlu telefonu götürüb “spesnaz odboy” dedi.
Gerçəkləşdirmək istədikləri həbs baş tutmamışdı. Qanı qara idi.
MTN-də qaldığım 8 ay ərzində dəfələrlə məni kabinetinə düşürür, dilə tutur, vədlər verirdi.
Bir dəfə də mənə əsəbləşib sərt danışdı.
Həbs etdiyi məşhurların adını çəkdi, aqibətlərini xatırlatdı.
Bütün bunların hamısını isə qürurla deyirdi. Bir dəfə dözmədim, dedim ki, bir gün gələr, siz də qanun qarşısında cavab verərsiniz.
Oturduğu kreslodan qalxıb mənə yaxınlaşdı və əlini 2-3 dəfə kürəyimə vura-vura “bu ölkədə həbs edən də, azad edən də bizik” dedi.
Həbsdə olduğu müddətdə onun haqqında maraqlanmışdım.
“Srok”da olduğu zaman digər generallar kimi özünə yüksək yaşayış qura bilməyib.
Baxmayaraq ki, adı MTN büdcəsindən silinən çoxmilyonluq vəsaitlərdə keçirdi.
Amma cinayət yolu ilə əldə etdiyi o vəsaitləri Mahmudova verdiyi sirr deyil.
Sonradan məhkəmələrdə də özü etiraf etmişdi ki, mən Eldar Mahmudovun tamahkar maraqlarının qurbanıyam.
Ona görə də bu gün səlahiyyət sahibi olan kəslər, gərək ki, kimisə şərləyəndə Elçin Quliyevin taleyini gözünüzün qabağına gətirsin.
Pərviz Həşimli
Gununsesi.info












Bu xəbər üçün şərh yazın