"Olimpiyaçılarımızın nailiyyəti çəkilən zəhmətin və dövlət qayğısının məntiqi nəticəsidir" -

"Olimpiyaçılarımızın nailiyyəti çəkilən zəhmətin və dövlət qayğısının məntiqi nəticəsidir" - Ülvi Quliyev

Azərbaycan gəncliyi, gənclərimizin həyatının ayrılmaz tərkib hissəsi olan bədən tərbiyəsi və idmanın inkişafı bütün dövrlərdə Ümummilli Lider Heydər Əliyevin diqqət mərkəzində olub.

Ulu Öndər hələ sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə idmanın inkişafı ilə bağlı dövlət siyasətinin əsasını qoymuşdu. Məhz onun təşəbbüsü ilə 1974-cü ildə “Respublikada bədən tərbiyəsi və idmanın vəziyyəti və onun daha da inkişaf etdirilməsi tədbirləri haqqında” Qərar qəbul edilmişdi. Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra, 1994-cü ildə Gənclər və İdman Nazirliyini təsis etdi, 1995-ci ildə isə Ulu Öndərin imzaladığı Prezident Fərmanı ilə xüsusu İdman Fondu yaradıldı. Ölkəmizin bədən tərbiyəsi və idman tarixində ilk dəfə olaraq 1997-ci ildə “Bədən Tərbiyəsi və İdman haqqında” Qanun qəbul edildi. Təəssüf ki, müstəqilliyimizin ilk illərində Azərbaycana rəhbərlik edənlərin səriştəsizliyi, biganəliyi ucbatından digər sahələr kimi, ölkə idmanı da tənəzzülə uğramışdı. İdmançılarımızın bir çoxu dövlətdən əlini üzdüyü üçün Vətəni tərk etmək məcburiyyətində qalmışdı. Ulu Öndər o dövrdə idmanın düşdüyü acınacaqlı vəziyyəti və əvvəlki illərdə bu sahəyə göstərilən məsuliyyətsiz münasibəti bu cür ifadə etmişdi: “1990-1993-cü illərdə Azərbaycanda bütün idman qurğuları dağıdılmışdı. Azərbaycanın ən böyük stadionu bərbad vəziyyətə salınmışdı. Ayrı-ayrı adamlar orada müxtəlif bazarlar, dükanlar açmışdılar, oranı kababxanaya döndərmişdilər. Bilin, mən bu məsələ ilə tanış olanda Azərbaycanda çox şeylər dağıdılmışdı. Amma Azərbaycanın gəncliyi, idmanı üçün ən vacib olan bu stadionun dağıdılması məni həddindən artıq incitdi”.


Yalnız Heydər Əliyev müstəqil Azərbaycanın rəhbərliyinə qayıtdıqdan sonra gənclər, idman və bədən tərbiyəsi ilə bağlı sahəyə münasibət dövlət siyasəti səviyyəsinə qaldırıldı, idmançılarımız yenidən dövlət qayğısı ilə əhatə edildi. Gənclərimiz əmin oldular ki, üzləşdikləri etinasızlıq mühiti artıq geridə qalıb və dövlət bundan sonra hər zaman onların yanında olacaq. 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinə Prezident seçilməsi ilə ölkəmizdə Olimpiya hərakatına start verildi, respublikamızın müxtəlif regionlarında 50-yə yaxın Olimpiya İdman kompleksi inşa olundu. 2015-ci ildə birinci Avropa, ardınca İslam Həmrəyliyi Oyunlarının, bir çox digər nüfuzlu, beynəlxalq səviyyəli idman yarışlarının  ölkəmizdə keçirilməsi idman ənənələrimizin və bu sahədə əldə olunmuş nailiyyətlərin beynəlxalq miqyasda etirafı deməkdir.


O da şübhəsizdir ki, gənclərimizin parlaq qələbələrinin təməlində özlərinin, məşqçilərinin və müvafiq Federasiyaların əziyyəti, zəhməti ilə yanaşı, onlardan hər birini qayğı və dəstəklə əhatə etmiş dövlət siyasəti  dayanır. XXXIII Paris Yay Olimpiya Oyunlarında Azərbaycanın dünyanın ən güclü 30 ölkəsi arasında qərarlaşması, idmançılarımızın əldə etdikləri 2 qızıl, 2 gümüş və 3 bürünc medal ölkə idmanının inkişaf səviyyəsinin göstəricisidir. Azərbaycan bu göstərici ilə 57 ölkəni birləşdirən İslam Əməkdaşlığı Təşkilatında ilk üçlüyə yüksəlib. Prezident İlham Əliyev avqustun 14-də  Olimpiyaçılarımızı qəbul edərkən həm onlara, həm də bütövlükdə Azərbaycan gəncliyinə olduqca vacib olan bu ismarıcı verdi: “Uzun illər ərzində idmanın kütləviliyi ilə bağlı dediyim sözlər və verdiyim tapşırıqlar bir məqsədi güdür ki, fiziki, mənəvi cəhətdən sağlam, Vətənə bağlı, vətənpərvər və peşəkar gənc nəsil yetişsin. İdmançılarımızın uğurlu çıxışları bunu bir daha göstərdi ki, biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik... Gənclər sizə baxıb sizin kimi olmaq istəyəcəklər və bu qələbənin vacib olan tərəflərindən biri məhz bundan ibarətdir”.


İdmana peşəkar səviyyədə bağlı olan insanlar çox yaxşı bilirlər ki, Olimpiya Oyunlarında, Dünya və Avropa çempionatlarında təsadüfi qələbələr və nailiyyətlər olmur. Bədən tərbiyəsini gündəlik həyat tərzi seçən şəxslər isə özləri də əmin olurlar ki, sağlam həyat tərzi insanı mənən saflaşdırır, bədəni kimi ruhunu da möhkəmləndirir. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan gəncliyinin 44 günlük Vətən müharibəsində əsas yükü öz çiyninə götürməsi və bu ağır yükün öhdəsindən ləyaqətlə gəlməsi həm də bu baxımdan təsadüfi deyildi. Bir daha Milli Olimpiya Komitəsini, idmançılarımızı, məşqçiləri, bütövlükdə böyük idman ailəsini və xalqımızı tarixi nailiyyət münasibətilə səmimi qəlbdən təbrik edirəm. Heç kimdə şübhə olmasın ki, Azərbaycan gəncliyi Qələbələr ənənəsini daha böyük əzmlə davam etdirəcək və qarşıdakı illərdə xalqımızı parlaq nailiyyətlərlə yenidən sevindirəcək.

 Ülvi Quliyev

 15 saylı Yasamal birinci seçki dairəsi üzrə namizədliyi qeydə alınmış, Azərbaycan Karate Federasiyasının prezidenti 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər