“ONLAR YENİ SENTYABR MÜHARİBƏSİ HAZIRLAYIRLAR” - Paşinyan ermənilərə xəbərdarlıq etdi

“ONLAR YENİ SENTYABR MÜHARİBƏSİ HAZIRLAYIRLAR” - Paşinyan ermənilərə xəbərdarlıq etdi 

Ermənistanın Baş naziri Nikol Paşinyan ermənilərə xəbərdarlıq edib. O deyib ki, “bəzi siyasi qüvvələrin” hakimiyyətə gəlməsi iyun ayında keçiriləcək parlament seçkilərindən qısa müddət sonra yeni müharibəyə səbəb ola bilər.

“Ermənistanda müəyyən dairələr var ki, hakimiyyətə gəlsələr, sülh gündəliyini yenidən nəzərdən keçirmək niyyətindədirlər. Bütün bu qüvvələr sülhü təftiş etmək mövqeyindən çıxış edirlər ki, bu da seçkilərdən qısa müddət sonra, ən geci payızda qaçılmaz müharibə deməkdir”.

Paşinyan bunu bu gün keçirilən brifinqdə deyib.

Baş nazirin sözlərinə görə, sülhü mübahisələndirən bu cür açıqlamalar ölkə üçün ağır nəticələrə səbəb ola bilər.

“Bütün bu qüvvələr nə dediklərini başa düşmürlər. Onlar başqaları tərəfindən yazılmış mətnləri səsləndirirlər və Ermənistanda heç bir rəsmi statusa iddia edə bilməzlər... Onlar ağır nəticələrə səbəb olan yeni sentyabr müharibəsi hazırlayırlar”, - deyə Paşinyan bildirib. 

Qeyd edək ki, Baş nazir ad çəkməsə də, söhbətin Robert Koçaryanın başçılıq etdiyi revanşist, qatı millətçi və rusiyapərəst qüvvələrdən getdiyi şübhə doğurmur.

Ermənistanın Baş naziri həmçinin Ermənistanın Müstəqillik Bəyannaməsini “münaqişə və asılılıq bəyannaməsi” adlandırıb: “Bu, müstəqillik bəyannaməsi deyil, münaqişə bəyannaməsi və nəticədə asılılıq bəyannaməsidir”.

Hökumət başçısı region ölkələrini eyni mərtəbədəki mənzillərlə müqayisə edərək, Bəyannamədə Ermənistanın qonşularına qarşı təhdidlərin olduğunu və bu şəraitdə ölkənin yalnız xarici dəstək ilə mövcud ola biləcəyini bildirib: "Xarici yardım gözləntisi onu istəyən hər kəsdən artan asılılıq yaradır. Buna görə də Müstəqillik Bəyannaməsi münaqişə və asılılıq bəyannaməsidir."

Paşinyan həmçinin deyib ki, ermənilər yad ölkələrdə yaşamağa son qoymalıdırlar": "Bütün strategiyamız sizin həm fiziki, həm də psixoloji cəhətdən Ermənistanda məskunlaşmağınıza əsaslanır. Birlikdə erməni xalqı üçün böyük bir nemət olan bu dövlətimizi daha firavan, daha təhlükəsiz və daha etibarlı hala gətirə bilərik. Beləliklə, nəticədə sağ qalma məntiqindən imtina edib inkişaf, firavanlıq və sülh məntiqinə doğru irəliləyə bilərik"./Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi