
Özbəkistan Respublikası Elmlər Akademiyasının nümayəndələri Azərbaycan Milli Kitabxanasında olublar - FOTOLAR
Faktinfo.az xəbər verir ki,23 iyul tarixində Özbəkistan Respublikası Elmlər Akademiyasının Əbu-Reyhan əl-Biruni adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, professor Kərimova Surayyo Ubaydullayevna və İnstitutun Klassik ədəbiyyat şöbəsinin müdiri, filologiya elmləri namizədi, dosent Eşonova Səliməxon Azərbaycan Milli Kitabxanasının qonağı olublar.
Qonaqları Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qarşılayaraq qonaqlara Milli Kitabxananın tarixi, fəaliyyəti, zəngin kitab fondu, rəqəmsal informasiya resursları, beynəlxalq əlaqələri və həyata keçirdiyi mühüm layihələr barədə ətraflı məlumat verib. Həmçinin professor “Milli mənəvi dəyərlərimizin vətənə qayıdışı” layihəsi çərçivəsində dünyanın müxtəlif kitabxanalarından 560-dan çox əlyazmanın orginal surətinin əldə olunması və onların 150-nin rəngli formada çap edilməsi barədə qonaqlara məlumat verib.Eyni zamanda Məhəmməd Füzulinin orginal əlyazmasının da Milli Kitabxanaya hədiyyə edilməsini də vurğulayıb.
Görüş zamanı Azərbaycan ilə Özbəkistan arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin elmi-mədəni əməkdaşlığın inkişafı üçün yaratdığı geniş imkanlardan bəhs olunub. Tərəflər ortaq türkoloji irsin öyrənilməsi, klassik Şərq ədəbiyyatının tədqiqi, elmi informasiya mübadiləsinin genişləndirilməsi, kitab və nəşrlərin qarşılıqlı mübadiləsi, eləcə də kitabxanalar arasında əməkdaşlığın perspektivləri ətrafında geniş fikir mübadiləsi aparıblar.
Qonaqlar Milli Kitabxananın zəngin fondu, müasir texnoloji infrastrukturu, oxucular üçün yaradılmış əlverişli informasiya mühiti və beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirilən uğurlu fəaliyyətini yüksək qiymətləndirərək, gələcəkdə iki qurum arasında əlaqələrin daha da möhkəmləndiriləcəyinə əminliklərini ifadə ediblər.
Görüşün sonunda qonaqlar Milli Kitabxanaya xatirə hədiyyəsi təqdim ediblər. Professor Kərim Tahirov isə qonaqlara Milli Kitabxananın nəşri olan “Azərbaycan Milli Kitabxanası” fotoalbomunu təqdim edib.
Qonaqlar kitabxananın mütaliə zallarını, Beynəlxalq əməkdaşlıq zalını, Nadir kitablar və Kitabxana muzeyi şöbəsini ziyarət edərək burada mühafizə olunan zəngin kitab fondu, nadir nəşrlər və oxucular üçün yaradılmış müasir informasiya mühiti barədə ətraflı məlumat əldə ediblər.
Səfər xatirə şəklinin çəkdirilməsi ilə başa çatıb.
Faktinfo.az

















Bu xəbər üçün şərh yazın