Partiya sədrindən Aqil Məmmədova cavab: "Bu qədər cılız və “tərbiyəli” olmaq lazım deyil"

Partiya sədrindən Aqil Məmmədova cavab: "Bu qədər cılız və “tərbiyəli” olmaq lazım deyil" 

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu "Oğlum normal tərbiyə alıb, müxalifətçi olması mümkün deyil” deyən deputat Aqil Məmmədova sərt cavab verib.

A.Şakiroğlu Pravda.az-a açıqlamasında bildirib ki, Yeni Azərbaycan Partiyasını parlamentdə təmsil edən susqun deputatlardan biri Aqil Məmmədovun, təbirincə, müxalifətçi olmaq tərbiyəsiz olmaq deməkdir.

 

"Deputat Yeni Azərbaycan Partiyasının 1992-ci və 1993-cü illərdə müxalifətdə olduğunu bilirmi?! O zaman Aqil Məmmədov həmin dövrlərdə hansı tərbiyənin sahibi olub, görəsən?! Bu məmləkətdə tərbiyəli olmaq üçün bəlkə də sizin, təbirinizcə, büdcədən pul oğurlamaq, xalqın cibinə girmək və ən əsası da dəmir yollarında çalışan insanların qanuni əmək haqlarını mənimsəmək lazımdır. Elədirsə, bəli, biz o tərbiyənin daşıyıcıları və sahibləri deyilik! Sizin ölçü vahidiniz budursa, biz elə “tərbiyəsiz” olsaq, yaxşıdır. Sizin “tərbiyəniz” özünüzə qalsın. Bizdə sizin axtardığınız cəhətlər olan mövcud deyil… Məsələyə başqa tərəfdən baxsaq, qarşıdan gələn seçkilərdə YAP iqtidarını itirmiş olsa, mənə maraqlıdır, bu deputat özünü müxalifətdə gördükdə tərbiyəsiz biri olaraqmı görəcək? Və ya unudurmu ki, bu gün Milli Məclisin vitse-spikerlərindən biri müxalifət partiyasının nümayəndəsidir? Bəli, görünən odur ki, bu ağılda biri bu gün parlamentdə xalq adından əyləşib və hakim partiyanı təmsil edir… Başqa məsələlərdə, dövlətçilik üçün kritik hesab olunan zamanlarda ağzını açıb bir söz deməyən, danışmayan, amma öz ailəsinin müdafiəsi məsələsi söz konusu olduqda danışmağa başlamış bu deputata biriləri, elə öz həmkarları və partiyadaşları başa salsın ki, hərdən parlamentdə ümumilli məsələlərdən, dövlət maraqlarından da çıxış etmək lazımdır. Dövlətimiz onun “tərbiyəli” ailəsindən də üstündür, elə onun özündən də! Biriləri bu susqun deputata anlatsın ki, onun “tərbiyə” mövzusunda müəyyənləşdirdiyi ölçü vahidi YAP-çı və deputat həmkarı Siyavuş Novruzovun suyu vedrə ilə ölçməsinə bərabərdir. Bu qədər cılız və bu qədər “tərbiyəli” olmaq lazım deyil, cənab Məmnədov…" - partiya sədri qeyd edib.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi