Paşinyan separatçıları hədələdi: Ermənistanda mühacirətdə olan "hökumət" yoxdur
Ermənistanda tanınmamış “dqr”in “mühacirətdə olan hökuməti”nin fəaliyyət göstərməsi ilə bağlı bəyanatlar milli təhlükəsizliyə təhdiddir, rəsmi İrəvan belə strukturu tanımır.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
“Qarabağdan köçən bəzi dairələr bilərəkdən və ya bilməyərəkdən Ermənistan Respublikasının milli təhlükəsizliyinə təhdid yaradan hərəkətlər və addımlar atırlar, hansısa hakimiyyətin mühacirətdə olduğunu bəyan edirlər.Mən çox açıq şəkildə bildirmək istəyirəm ki,Ermənistan Respublikasında hökumət var və o hökumət də bu zalda oturub.Bu mesaj çox aydındır: lazım gələrsə, xarici qüvvələrin Ermənistanın milli təhlükəsizliyinə təhdidlər yaratmaq məqsədilə müəyyən dairələrdən istifadə etməməsi üçün müvafiq addımlar atılmalıdır. Mən açıq şəkildə bildirmək istəyirəm ki, Ermənistanda Ermənistan Respublikası hökumətindən başqa heç bir hökumət ola bilməz. Ermənistanda kimsə özünü hökumət kimi tanıdırsa, bu, milli təhlükəsizlik məsələsidir. Bu, sadə bəyanat deyil, aydın mesajdır və bu mesaj real həyatda ifadə olunmalıdır", - Paşinyan bildirib.
Qeyd edək ki, Qarabağ separatçılarının keçmiş rəhbəri Samvel Şahramanyan Fransanın "Le Figaro" nəşrinə müsahibəsində mühacirətdə olan "Qarabağ hökuməti"nin İrəvanda fəaliyyətini davam etdirdiyini demişdi.
Bu xəbər üçün şərh yazın