Pentaqonun anbarları açılır - Bayden Ukraynaya yeni hərbi yardım göndərir
ABŞ və Ukrayna prezidentləri Co Bayden və Volodimir Zelenski arasında telefon danışığı olub.
AzPolitika.info Qərb mediasına istinadla xəbər verir ki, Ukraynanın Müstəqillik Günü ərəfəsində Amerika lideri ABŞ-nin Kiyevə sarsılmaz dəstəyini ifadə edib.
Ağ Evin saytında yayılan bəyanatda deyilir ki, Bayden hava hücumundan müdafiə raketləri, pilotsuz uçuş aparatları və digər döyüş sursatlarından ibarət yeni hərbi yardım paketini açıqlayıb.
Bəyanatda Kiyevə yeni dəstək paketinin həcmi göstərilməyib. “Associated Press” mənbələri onun həcmini 125 milyon dollar qiymətləndirir. Prezidentin səlahiyyəti çərçivəsində Pentaqonun anbarından olan silahlardan yardım göstəriləcək ki, bu da onun Kiyevə çatdırılmasını sürətləndirəcək.
Yeni paketi nəzərə alsaq, 2022-ci ilin fevralında Rusiyanın işğalı başlayandan bəri Amerikanın Ukraynaya yardımının ümumi məbləği 55,7 milyard dolları keçəcək.
Yeni yardım paketi ilə bağlı xəbərlər Ukrayna qoşunlarının Kursk bölgəsində və Rusiya ordusunun Ukraynanın şərqində Pokrovsk yaxınlığında irəliləyişini davam etdirdiyi bir vaxtda yayılıb.
Pentaqon nümayəndələri bildiriblər ki, ABŞ Kursk əməliyyatının uzunmüddətli hədəflərini təhlil edərək Kiyevlə danışıqlar aparır.
Bu xəbər üçün şərh yazın