POKROVSK: NÖVBƏTİ BAXMUT... – Şəhər uğrunda uzun və ağır döyüşlər gözlənilir

POKROVSK: NÖVBƏTİ BAXMUT... – Şəhər uğrunda uzun və ağır döyüşlər gözlənilir 

Rusiya işğalçı ordusu Donetsk vilayətinin daha bir şəhərinin – Pokrovskun həndəvərinə yaxınlaşır. Təəssüf ki, bu şəhəri də yer üzündən silinən və böyük itkilər bahasına işğal edilən Baxmut şəhərinin taleyi gözləyə bilər...

Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində əməliyyat keçirməsinə, xeyli əraziləri tutmasına baxmayaraq, Rusiya ordusunun Ukraynanın şərqində hücumu son günlər daha da güclənib.

 Azpolitika.info xəbər verir ki, bunu “The Washington Post” nəşri yazıb. Yazıda qeyd olunur ki, minlərlə dinc ukraynalı yaxın vaxtlara qədər cəbhə xəttindən uzaq hesab edilən Pokrovsk şəhərində evlərini tərk etməyə məcburdur.

Qeyd olunur ki, Rusiya qoşunları hazırda şəhərin mərkəzindən cəmi 12 kilometr aralıdadır ki, bu da onun böyük hissəsinin Rusiya artilleriyasının və PUA-larının çata biləcəyi ərazi olduğunu göstərir. Yerli polisin məlumatına görə, Pokrovskda 3000-dən çoxu uşaq olmaqla 45 mindən artıq insan qalıb. Mülki şəxslərə təxliyə əmri verilib və artıq bir çoxları ya son günlərdə şəhəri tərk edib, ya da yaxın zamanda bunu etməyə hazırlaşır.

Şəhəri qoruyan 68-ci briqadanın komandir müavini deyib ki, 2022-ci ilin payızında orduya çağırılandan sonra heç bir yerdə belə gərgin döyüşlər keçirdiyini xatırlamır: "Gəldikcə hey gəlirlər, gəlirlər... Bu, sadəcə, ət dalğalarıdır. Bu, ağılsızlıqdır..." O, rusları qırıldıqca qırılan və yolunu davam edən qarışqalara bənzədib.

Hərbçinin fikrincə, Pokrovsku da Baxmut və Avdeyevka uğrunda döyüşlərə bənzər uzun və ağır döyüşlər gözləyir: "Həqiqətən, onun tutulmasını istəmirəm. Bəlkə də onlar qoşunlarını Kurska yönləndirəcəklər. Ola bilsin ki, bu zaman işimiz asanlaşsın və biz Pokrovsku daha uzun müddət müdafiə edə bilək".

Xatırladaq ki, Baxmut uğrunda döyüşlər bir ilə yaxın davam etdi və hər iki tərəfdən on minlərlə əsgərin ölümünə səbəb oldu. Şəhərə hücum edən Rusiyanın itkilərini müxtəlif mənbələr 30-40 min nəfər göstərir. Yevgeni Priqojin həmin vaxt təkcə “Vaqner”-dən 20 mindən çox döyüşçünün həlak olduğunu demişdi.

Beləliklə, Pokrovskda artıq bir neçə həftəyə küçə döyüşlərinin başlanacağı gözlənilir və bir zamanlar həyatın qaynadığı bu şəhər Rusiyanın Ukraynada fəlakətlər, dağıntılar, ölümlər gətirən müharibəsinin daha bir qurbanı ola bilər.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi