Prezident Ermənistana rəsmi Bakının şərtlərini növbəti dəfə xatırlatdı -DEPUTAT
Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfəri bu bölgənin mənzərəsini aydın şəkildə göstərir.
Bu il Novruz tonqalının yandırıldığı Talış kəndində də abadlıq-quruculuq işləri görülür. Dövlət başçımızın bayram münasibətilə təbrik müraciətində də qeyd etdiyi kimi, Talış kəndinin yenidən qurulmasına başlanmasından hələ bir il keçməyib, artıq kəndə 20 ailə qayıdıb, 180-ə yaxın ailə isə qayıdacaq. Bu, bərpa-quruculuq işlərinin sürətlə və plan üzrə davam etdiyini təsdiqləyir. Azərbaycan öz maliyyə imkanları hesabına öz tarixi torpaqlarını bərpa edir. Biz heç kimdən asılı deyilik və müstəqil şəkildə öz torpaqlarımızda, öz sərhədlərimizdə möhkəmlənirik. Müzəffər Ali Baş komandanın da söylədiyi kimi, bu gün biz Talış kəndində, Suqovuşan qəsəbəsində, Hadrutda, Şuşada, bütün başqa azad edilmiş torpaqlarda qurub-yaradırıq. "Ermənistan bu əraziləri viran qoyub, talan edib. Otuz il ərzində daşları bir-bir söküb həm Ermənistanda, həm də ki, Ermənistanın qonşu ölkəsində bazarlarda satdırıb.”
Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
K.Nurullayeva qeyd edib ki,dövlət başçımız postmünaqişə reallıqlarına da diqqət çəkərək, Ermənistan və onun havadarlarının destruktiv davranışlarına da toxundu. Rəsmi Bakının mövqeyi kifayət qədər ədalətli və aydındır - Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün bir şərt var – bizim şərtlərimizi qəbul etməlidir, rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır, bizimlə sülh müqaviləsi imzalamalıdır, bizim şərtlərə əsasən, delimitasiya işlərini aparmalıdır. Ancaq belə olan təqdirdə onlar 29 min kvadratkilometr ərazidə, - hansı ki, indi onlar ancaq bunu istəyirlər, - rahat yaşaya bilərlər. Əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bu, Ermənistan üçün ciddi xəbərdarlıqdır.
30 il ərzində işğala göz yumanlar bu gün regionda yaranan yeni reallıqları həzm edə bilmirlər. Prezident İlham Əliyev ölkəmizə qarşı ədalətsiz addımlara da toxunaraq erməni havadarlarının bizə qarşı informasiya müharibəsi elan etməsinə diqqət çəkdi. Yəni, çirkin niyyətdə olanların yanaşması bu gün yenə dəyişməyib. Dövlət başçımızın da söylədiyi kimi, “bəzi ermənipərəst ölkələr dünya xəritəsində olmayan, Azərbaycanın ərazisində mövcud olmayan dırnaqarası “Dağlıq Qarabağın müstəqilliyini” tanıyırlar. Bu, nə deməkdir? O deməkdir ki, işğal dövründə bütün bu qüvvələrin yeganə amalı bu işğalı əbədiləşdirmək idi. Bu münaqişəni həll etmək yox, dondurmaq idi”.
Deputat onu da bildirib ki,bu gün regionda diktə edən tərəf qalib Azərbaycandır və biz Ermənistana dayanılqlı sülh təklif edirik. Bu, ən böyük güzəştdir. Ermənistan yeni reallıqları qəbul etməlidir. Əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun nəticəsi nə olacaq, bunu Ermənistan və onun arxasında duran riyakar ölkələr yaxşı bilməlidirlər. Müzəffər liderimiz növbəti mesajı verdi - əgər kimsə fikirləşir ki, bizə qarşı cızılmış çirkin planlar həyata keçə bilər, səhv edir. Bizə qarşı hər bir çirkin plana bizim güclü iradəmiz, güclü siyasətimiz, müzəffər Ordumuz cavab verəcək.
Ərazi bütövlüyünü öz gücümüzə bərpa edən ölkə kimi bundan sonra da ancaq və ancaq irəliyə gedəcəyik. Buna heç kim mane ola bilməz. Ermənistan cənab Prezidentin bu mesajlarından nıticə çıxararaq, anlamalıdır ki, bizim sözümüz imzamızdır. Hər hansı manipulyativ gedişlər, hansısa mülki missiyanın çətiri altında gizlənərək oyunbazlıq etməyin faydası olmayacaq. Azərbaycan prosesləri real təhlil edir və hər şey məhz bizim nəzarətimizdədir. Bu regionun söz sahibi Azərbaycandır. Ona görə də Bakının şərtlərini qəbul etməkdən başqa çıxış yolu yoxdur.
Bu xəbər üçün şərh yazın