Professor İlham Rəhimovun yeni kitabı çapdan çıxıb — FOTO
Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimovun Sankt-Peterburqun “Юридический центр” nəşriyyatı tərəfindən “Оправдание наказания. Исторические, религиозные, философские, социологические аспекты” (“Cəzanın bəraəti. Tarixi, dini, fəlsəfi, sosioloji aspektlər”) adlı yeni kitabı çapdan çıxıb.
Bu əsər cinayət cəzasının fəlsəfəsi və sosiologiyasına, yəni retributiv və utilitarist mühakimələrə həsr edilib. Mühakimələrin birinci növü sırf fəlsəfi xarakter daşıyır. Burada söhbət cəzanın cəmiyyətin cinayətə yeganə düzgün və zəruri reaksiyası kimi əsaslandırılmasından gedir. Mühakimələrin ikinci növü sosiologiyaya söykənir, çünki cinayətkarlıqla mübarizədə bu tədbirin faydalılığı (səmərəliliyi) tədqiq olunur. Kitabda həmçinin cəzaya bəraət qazandırılmasının tarixi və dini əsasları da nəzərdən keçirilir.
Kitabın rəyçiləri hüquq elmləri doktoru, professor Y.B.Qoliq və hüquq elmləri doktoru, professor, Rusiya Federasiyasının Əməkdar elm xadimi A.İ.Korobayevdir.
Kitab geniş oxucu kütləsi, hüquqşünaslar, filosoflar və müxtəlif dinlərin nümayəndələri üçün nəzərdə tutulmuşdur.
Qeyd edək ki, kitabla maraqlananlar Lev Tolstoy küçəsi, 191 ünvanında yerləşən “Hüquq ədəbiyyatı” mağazasından əldə edə bilərlər
Bu xəbər üçün şərh yazın