“PUTİNƏ YALVARMAYACAĞIQ!” – “Ruslar komfort içində idilər, indi isə şokdadırlar”
Ukrayna Rusiya Federasiyasını danışıqlar masasına gəlməyə məcbur edəcək.
Bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak deyib.
Podolyak öz sosial şəbəkə səhifəsində yazıb ki, Kursk əməliyyatı həm də Rusiyanı danışıqlar masasına oturmağa məcbur etmək məqsədi daşıyır: “Ukrayna Rusiya ərazilərinin işğalında maraqlı deyil. Biz beynəlxalq hüquq çərçivəsində aşkar müdafiə müharibəsi aparırıq. Lakin biz potensial danışıqlardan söz açırıqsa, Rusiya Federasiyasını öz şərtlərimizlə masa arxasına oturtmaq məcburiyyətindəyik. Biz qətiyyən yalvarmayacağıq: “Lütfən, oturun, danışıqlar aparın””.
O, qeyd edib ki, Rusiyanı danışıqlara məcbur etmək deyərkən, söhbət iqtisadi və diplomatik vasitələrlə yanaşı, həm də hərbi alətdən gedir. “Biz Rusiyanı əhəmiyyətli taktiki məğlubiyyətə məruz qoymalıyıq. Açıq şəkildə görürük ki, Rusiya Federasiyasını ədalətli danışıqlar prosesinə girməyə inandırmaq üçün hərbi alətdən necə istifadə olunur. Bir daha deyirəm ki, söhbət ədalətli danışıqlar prosesindən gedir, Rusiya üçün ənənəvi olan təbliğat-kapitulyasiya şantajından yox”.
Eyni zamanda, o, əlavə edib ki, Rusiya Federasiyası daxilində ictimai rəyə təsir də mühüm alətdir, çünki müharibə onların ərazisinə dərindən daxil olduğundan dəyişməyə başlayırlar. Onun fikrincə, son vaxtlara qədər təcavüzkar ölkənin vətəndaşları Ukraynada baş verdiyi üçün hərbi əməliyyatlara ümumiyyətlə biganə yanaşırdı: “Qərbli müttəfiqlərimizdə belə bir illüziya var ki, ruslar arasında müharibə ilə bağlı müzakirələr gedir. Xeyr, belə müzakirələr yoxdur, orada siyasi məsələlər müzakirə olunmur. Rusiyalılar müharibə barədə danışmırdılar, komfort içində idilər, çünki ölüm və dağıntı onlardan uzaqda idi. İndi isə onlar şokdadırlar. Televiziyada Kursk bölgəsindəki döyüşlər “sərhəd bölgəsində məlum vəziyyət” adlandırılsa da, ailələr və dostlar pıçıltı ilə cəbhədəki real vəziyyəti müzakirə etməyə başlayıblar. Rusiya Federasiyasının əhalisinin psixologiyasındakı neqativ dəyişikliklər də danışıqlara başlamaq üçün daha bir arqument olacaq”./Azpolitika.info
Bu xəbər üçün şərh yazın