Qarabağ müharibəsi Rusiya hərbi sənaye kompleksinə çox mənfi təsir göstərib-

Qarabağ müharibəsi Rusiya hərbi sənaye kompleksinə çox mənfi təsir göstərib- Rusiya araşdırma aparır

Rusiya hərbçiləri Ermənistanla Azərbaycan arasında Qarabağdakı müharibənin təcrübəsini ətraflı şəkildə təhlil edir. Bu komplekslərin Türkiyənin “Bayraktar TB2" zərbə pilotsuz təyyarələri qarşısında köməksiz qalması öyrənilir.

Hərbçilər belə qənaətə gəliblər ki, böyük olmayan dronlarla mübarizə üçün yeni komplekslər işlənib hazırlanmalıdır. Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, mütəxəssislər əsasən Ermənistan ordusunun silahlanmasında yer alan və Rusiya istehsalı olan və özünü ”yaxşı tərəfdən göstərə bilməyən" hava hücumundan müdafiə sistemləri barədə araşdırma aparır.

Çünki bu komplekslər Türkiyənin “Bayraktar TB2" zərbə pilotsuz təyyarələri qarşısında praktiki olaraq köməksiz vəziyyətdə qalmışdı. Eləcə də Azərbaycan Ordusunun digər zərbə dronları ermənilərin hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrini kütləvi şəkildə sıradan çıxara bilmişdi. Bildirilir ki, Rusiya Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə qoşunlarının Hərbi Akademiyasının mütəxəssisləri Ermənistan ordusunun silahlanmasında yer alan hava hücumundan müdafiə sistemlərinin kütləvi şəkildə məhv edilməsinin, hava məkanında ”Bayraktar TB2" dronlarının praktiki olaraq dominantlıq etməsinin səbəblərini diqqətlə analiz ediblər. Və belə nəticəyə gəliblər ki, “günahın” hamısı Türkiyə dronlarının effektiv səpələnmə sahəsinin (hava hədəfinin özündən radiolokasiya dalğalarını əks etdirməsi radiusu) həddən artıq aşağı olmasındadır. Nəticədə Rusiya HHM kompleksləri onları vaxtında aşkar edə bilməyib və bu səbəbdən dronlar birinci zərbə endirə bilib.

Hərbi Akademiyanın nümayəndələri deyirlər ki, “Buk-M1", ”Tor-M1", “Osa-AKM”, “Pantsir” və “Tunquska-M1" kimi hava hücumundan müdafiə komplekslərinin poliqon sınaqları zamanı onların effektiv səpələnmə sahəsi 0.01 kvadratmetr olan kiçik ölçülü pilotuz aparatlara qarşı o qədər də effektli olmadığı üzə çıxıb. Və ”Bayraktar"ların da effektiv səpələnmə sahəsi təxminən bu göstəriciyə yaxındır. Rusiya hava hücumundan müdafiə komplekslərinin işə yaramamasının digər səbəbi kimi Azərbaycanın Belarusdan aldığı “Qroza” radioelektron mübarizə vasitəsinin işi göstərilir. Həmin sistem bir çox hallarda “Osa” və ya “Buk” komplekslərinin buraxdığı raketləri hədəfdən azdırıb, yaxud onları uçuşun lap əvvəllərində sıradan çıxarıb.

Hərbçilər belə qənaətə gəliblər ki, böyük olmayan dronlarla mübarizə üçün yeni komplekslər işlənib hazırlanmalıdır. Çünki “S-300” və “S-400” kimi uzaqmənzili hava hücumundan müdafiə komplekslərinin mövqe rayonları dronlardan etibarlı müdafiə edilməsə, onların özü də Türkiyə istehsalı olan dronlar tərəfindən məhv edilə bilər.

Bildirilir ki, Ukraynanın Türkiyədən aldığı “Bayraktar TB2" zərbə pilotsuz təyyarələrindən ən azı birinin heç bir maneəyə rast gəlmədən Krım hava məkanına daxil olduğu və Rusiyanın “S-400” zenit-raket komplekslərinin mövqe rayonlarına bir neçə kilometrə qədər yaxınlaşdığı məlumdur. Bu zaman PUA radarlara yaxalanmayıb.

Xatırladaq ki, Azərbaycan Ordusu 44 günlük müharibə ərzində nəinki Ermənistan ordusunun bütün kiçik və ortamənzilli hava hücumundan müdafiə komplekslərini, eləcə də onun silahlanmasında yer alan az qala bütün “S-300” komplekslərini (6 raket atıcı qurğu və kompleksin tərkibinə daxil olan radar, o cümlədən komanda-idarəetmə məntəqəsi) məhv edib. Həmin “S-300” komplekslərinin ən azı birinin “Harop” kamikadze-dronu ilə məhv edildiyi məlumdur.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi