Qarabağ Universiteti ilə bağlı bu narahatlığın əsası varmı?
Xankəndidə yerləşən Qarabağ Universiteti bu ildən tədris prosesinə başlayır. Yeni tədris ilindən 1104 tələbə burada təhsil alacaq. Universitetlə bağlı təhsil alanları maraqlandıran əsas məsələlərdən biri də diplomların tanınmasıdır.
Bəs, Qarabağ Universitetinin diplomları beynəlxalq miqyasda tanınanacaqmı? Universitetin Xankəndidə fəaliyyət göstərməsi gələcəkdə məzunların diplomlarının xaricdə tanınmasına erməni lobbisi vasitəsilə maneçilik törədilə bilərmi?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan təhsil məsələləri üzrə ekspert Sona Əliyeva deyib ki, Qarabağ Universiteti Azərbaycanın beynəlxalq hüquqi müstəvidə tanınan və ayrılmaz tərkib hissəsi olan ərazisində – Xankəndi şəhərində fəaliyyət göstərəcək.
Onun fikrincə, bu baxımdan adıçəkilən universitetin diplomlarının xaricdə tanınmaması üçün heç bir hüquqi problem yarana bilməz:
“Üstəlik, 30 illik işğal dönəmindən əvvəl, yəni sovet dövründə də Xankəndidəki təhsil ocağı Azərbaycanın dövlət büdcəsindən maliyyələşib. Bunu təsdiq edəcək kifayət qədər dəlillərimiz var. Ermənilər bunu heç bir halda inkar edə bilməzlər. Erməni lobbisi həmişə olduğu kimi, bu dəfə də universitetlə bağlı hər hansı hay-küy qaldıra bilər. Amma hayların bu hay-küyləri heç nəyi dəyişməyəcək. Çünki işəgötürənlər təhsilin keyfiyyətinə və ixtisas sahiblərinin peşəkarlığına üstünlük verəcəklər. Bu baxımdan ilk olaraq Qarabağ Universitetində təhsilin üstün keyfiyyətlərinə fikir vermək lazımdır”.
Sona Əliyeva deyib ki, tədris prosesini uğurlu şəkildə formalaşdırmaq labüddür:
“Əgər belə olarsa, o zaman Qarabağ Universiteti ən qısa zamanda adından söz etdirməyi bacaracaq. Universitetin gələcəkdə müasir kampusu və modern kitabxana sistemi də qurulacaq. Artıq bu universitetlə bağlı dövlətimizin tutduğu yol və planlar bəllidir. İnanıram ki, gələcəkdə Qarabağ Universiteti Avropada və dünyanın bir çox ölkələrində adından söz etdirməyi bacaracaq”.
Bu xəbər üçün şərh yazın