Qarabağa getmək üçün icazə necə verilir? - DİN açıqladı
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə icazəsiz keçmək istəyənlərin sayı artmaqdadır.
Müharibə bitdikdən sonra ərazilərdə minaların və partlamamış döyüş sursatlarının olması nəzərə alınaraq vətəndaşların sərbəst girişinə icazə verilmir. Ancaq demək olar hər gün Qarabağa icazəsiz gedənlərlə bağlı rəsmi məlumatlar yayılır.
Rəsmi məlumata görə, 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən Ermənistan və Azərbaycan arasındakı bütün hərbi əməliyyatlara son qoyulduğunu elan edən üçtərəfli bəyanat imzalandığı vaxtdan bu günədək, işğaldan azad olunmuş ərazilərimizdə mina partlaması nəticəsində aralarında 14-ü mülki şəxs olmaqla, 20 Azərbaycan vətəndaşı həlak olub. 85 vətəndaşımız (o cümlədən, 16-sı mülki şəxs) ağır yaralanıb.
Məlumdur ki, illərdir torpaq həsrəti ilə yaşayan insanlar qısa müddətdə dədə-baba yurdunu görmək istəyirlər. İşğaldan azad edilən ərazilərə səfər arzusunu gerçəkləşdirmək üçün nə etmək lazımdır? Müvafiq icazələr necə verilir?
Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında DİN Mətbuat xidmətinin kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev ərazilərə giriş-çıxışı tənzimləmək üçün müvafiq postlar fəaliyyət göstərdiyini bildirib.
O qeyd edib ki, hazırda işğaldan azad edilmiş ərazilərdə mina və partlamamış döyüş sursatları təhlükəsi ilə bağlı təmizləmə işləri aparılır:
“Bu səbəbdən ərazinin təhlükəli vəziyyəti nəzərə alınaraq ayrı-ayrı şəxslərin ərazilərə buraxılmasına və sərbəst hərəkətinə icazə verilmir. Bununla bağlı müvafiq stansionar postlar qurulub. Həmin postlar işğaldan azad edilmiş ərazilərə daxil olan şəxslərin icazəsinin olub-olmadığını yoxlayır”.
Elşad Hacıyev həmin ərazilərə kimlərin girişinə icazə verildiyini də deyib:
"Ərazi minalardan təmizləndikcə həmin ərazilər nəzarətə götürülür. Nəzarətə götürülən ərazilər isə müvafiq dövlət qurumlarına, orada infrastruktur lahiyələri icra edən qurumların ixtiyarına verilir ki, iş aparılsın. Həmin ərazilərdə hazırda yenidənqurma və infrastruktur lahiyələri icra edilir. Buna görə də orada müvafiq infrastruktur lahiyələrin icrasında və nəzərdə tutulan işlərin həyata keçirilməsində çalışan şəxslərin buraxılmasına icazə verilir”.
DİN rəsmisi işğaldan azadl edilmiş ərazilərə getmək istəyən şəxsləri bir az daha səbrli olmağı tövsiyə edib:
"Hazırda ərazinin təhlükəli olmasını nəzərə alaraq, o yerlərə getmək arzusunda olan şəxslərə tövsiyə edirik ki, bir qədər də səbrli olsunlar. Ərazilər tam təhlükəsiz vəziyyətə gətirildikdən sonra vətəndaşların həmin yerlərə buraxılmasına tam şərait yaradılacaq”.
Bu xəbər üçün şərh yazın