"Qarabağın azad edilməsi zamanı Azərbaycanı Rusiya deyil, Qərb dəstəkləyib" -

"Qarabağın azad edilməsi zamanı Azərbaycanı Rusiya deyil, Qərb dəstəkləyib" - BU, FAKTDIR!

"Dağlıq Qarabağda münaqişənin kəskinləşdiyi dövrdə Moskva və KTMT-nin Ermənistana kömək etmədiyi barədə verilən bəyanatlar yalandır".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Zvezda" telekanalının efirində deyib.

Onun sözlərinə görə, Qərb ölkələri Ermənistanın Dağlıq Qarabağdan rəsmən imtina etməsi mövzusunu təbliğ ediblər. Zaxarova iddia edir ki, NATO-nun diktəsi ilə imzalanmış sənədlərdə qondarma "respublikanın" sakinlərinin hüquqları heç bir şəkildə göstərilməyib və ya təmin olunmayıb.


"Rəsmi İrəvan bu qərarı Qərblə məsləhətləşmələrdən sonra verib", – o bildirib. "İndi əsas məsələ odur ki, İrəvandakı hakimiyyət digər ərazilər, kəndləri idarə edərək qərar verəndə, bundan əvvəlki qərarlarını xatırlasın, məsuliyyət daşısın və günahlı heç kimin üstünə atmasın", – Zaxarova davam edib.


Başqa sözlə, Moskvanın rəsmi təmsilçisi Paşinyanın Qazax rayonunun kəndlərinin Azərbaycana qaytarılmasının zəruriliyi ilə bağlı dediklərini birmənalı qarşılamadıqlarına işarə edir.


Qarabağa gəlincə, Moskva bir daha təsdiqləyir ki, bu bölgənin Azərbaycanın bir hissəsi kimi tanınmasının tərəfdarı olmayıb və İrəvan bunu Qərbin tövsiyəsi ilə edib.


Bəs bu vəziyyətdə Azərbaycanın dostu və strateji tərəfdaşı kimdir – Rusiya, yoxsa Qərb?


Politoloq, Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu məsələ ilə bağlı fikirlərini Pressklub.az-la bölüşüb.


Onun sözlərinə görə, Moskva ilə İrəvan arasında münasibətlərin kəskinləşdiyi bir dövrdə Azərbaycanda geniş ictimaiyyətə məlum olmayan bəzi faktlar üzə çıxır. “Amma indiyədək belə bir fikir geniş yayılmışdı ki, guya Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsinin arxasında Rusiya dayanır.


Amma bu doğru deyil və mən ilk gündən bunu deyirəm. Hesab edirəm ki, bunun arxasında çox güman, Qərb dayanıb. Çünki onun qarşısında bizim regionumuzda hansısa strateji mövqelər qazanmaq vəzifəsi durub. Axı müxtəlif geosiyasi layihələrin kəsişməsi səbəbindən Cənubi Qafqaz əsas regiona çevrilir. Ona görə də, Qərb Azərbaycanı dəstəklədi. Biz bunun bir çox nişanələrini görmüşük.


Məsələn, İsrail ABŞ-ın icazəsi olmadan Azərbaycana Hava Hücumundan Müdafiə (raketdən müdafiə) sistemləri sata bilməzdi. Çox sadə səbəbə görə. Bu sistemin raketləri nəinki Amerika texnologiyasından istifadə edilməklə istehsal olunur, bu raketlər məhz ABŞ-da da istehsal olunur. Birləşmiş Ştatlarda isə Amerika silahlarının satışı ilə bağlı çox ciddi tələblər var. Türkiyənin o vaxt Azərbaycana gətirdiyi “F-16” təyyarəsi barədə də eyni şeyi deyə bilərik.


Amma Bakı son anda Putinin qoşunlarını Qarabağa dəvət edəndə və əməliyyatı başa çatdırmadan dayandıranda, Qərb Azərbaycan həqiqətən də onun tərəfdaşı olub-olmadığı üzərində düşünməyə başladı. Gözlədilər. Onlar regiona başqa formada daxil olmaq üçün sülh prosesini irəli aparmaq istədilər. Lakin Azərbaycan Moskvanın təzyiqi ilə bundan da imtina etdi. Bundan sonra Qərbin seçimi Ermənistanın üzərinə düşdü”, – politoloq deyir.


Onun sözlərinə görə, həqiqət budur ki, 44 günlük müharibə zamanı Rusiya Ermənistanı dəstəkləyib. “O zaman İran vasitəsilə oraya silah tədarük edirdi. Amma Azərbaycanı dəstəkləyən ölkələrin imkanları daha yüksək idi. Və bu gün biz Rusiya ilə Ermənistanın bir-birini necə ifşa etdiyini görürük və eşidirik. Əminəm ki, Zaxarova düz deyir – Moskva heç vaxt sülhün, Qarabağın azadlığının tərəfdarı olmayıb. Onun regionda mövcudluğunun davam etməsini məhz münaqişənin davam etməsi təmin edib. Onu "vəziyyətin sahibi" rolu ilə təmin edib. Və bu günə qədər də Ermənistanın bu müharibədə uduzmasını özlərinə və Paşinyana bağışlaya bilmirlər. İndi Azərbaycan nədənsə Rusiyanı özünə tərəfdaş seçdiyindən, Ermənistan Qərbə doğru üz tutub. Bu da çox qəribədir.


Moskvanın Azərbaycanı heç vaxt dəstəkləməməsi isə aksiomdur. Ermənistan Rusiya imperiyasının 200 illik çox mühüm geosiyasi layihəsidir. Bu siyasət davam edir. İndiki Rusiya imperiya və ya Sovet Rusiyası dövründəkindən heç də az iddialı deyil. Sadəcə, indi onun imkanları daha azdır, hər yerdə mövqelərini itirir. Və “günahkar” axtarışında həqiqətə işıq salan bu cür mübahisələrə girişir. Bu həqiqəti isə uzun müddət gizlədiblər və təhrif ediblər. Azərbaycan müharibədə Türkiyə və Qərbin dəstəyi sayəsində qalib gəldi. Türkiyə Qərbin bir parçasıdır, NATO-nun üzvüdür. Əslində, həqiqət budur”, – deyə Oruclu yekunlaşdırıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi