
"Qaragilə"nin yubileyi.. və yaxud Əli Həsənova sağlığında yazılan nekroloq..
Bu statusu paylaşmaqda çox tərəddüd elədim.
Amma sonunda yazmaq qərarına gəldim. Niyə? Əvvəla bilənlər-bilir ki, adətən mən dünyasını dəyişmiş və vəzifədən vurulmuş şəxslər barədə yazmıram. Nəzərə alsaq ki, bizim məmləkətdə "vurulmuş"lar elə ölüyə bərabər bir kəsə çevrilir; onda necə deyərlər "ölülər haqda ya yaxşı yazıram, ya da heç nə". Yazmaq qərarına gəlməyimin digər bir səbəbini də açıqlayım. Bildiyiniz kimi FB-nin funksiyalarından biri də ötən illər ərzində yazdıqlarını, həmin tarixdə yenidən xatırlatmasıdır. Və martın 11-12sində FB ötən illər yazdıqlarımı qarşıma çıxardı. Və məlum oldu ki, illər öncə Əli Həsənovun Ad günü münüsibəti ilə yazılan bir sıra yaltaqlıq və məddahlıqla dolu təbriklərlə bağlı statuslar paylaşmışam. Yadınızda olar yəqin ki. 5 il öncəyə qədər Əli Həsənovun 10 mart tarixlı doğum günü, azından bir həftə əvvəldən başlayar və bir həftə sonra da bitərdi. O zaman yaltaq və məddahlar növbəyə dayanar və riyakar cümlələrlə dolu təbrik materialları sosial media və saytlar üzərindən dərc edərdilər.Televiziya və radiolarda İlhamənin ifasında, Sona Vəliyevanın Əli Həsənova həsr etdiyi " Ay, qaragilə" mahnısı ən baxımlı proqramlarda təkrar-təkrar verilərdi. İndisə baxıram; Əli Həsənov heç kimin yadına düşmədi. Onu yalnız həyat yoldaşı-Sona Vəliyeva, təbrik elədi.
Əli Həsənovdan ev, Fəxri ad, pul alan, onun səbəbinə kişi, adam olub ortaya çıxanların heç biri cəsarət edib ikicə kəlməlik də olsa quru təbrik yazmadı. Nə qədər acı, və ibrətamiz bir mənzərədi, deyilmi? Amma sözümün canı başqadər.
***
Yaxşı yadımdadır. Həmin riya ilə dolu təbrklərdə bir fikir Ana xətt olaraq dönə-dönə təkrarlanırdı: "Siz Ulu Öndər Heydər Əliyevin ən sədaqətli silahdaşı, Prezident İlham Əliyevin ən layiqli və etibarlı kadrlarından birisiniz". İndisə STOP. Həmin trol sürüsünə üz tutub soruşuram: Əli Həsənov, Heydər Əliyevin nə vaxtdan sədaqətli silahdaşı olub? Heydər Əliyev vəzifədən kənarlaşdırılıb, Moskvada təqib olunandamı? Bakıya qayıdandamı? Naxçıvanda olandamı? Surətin, OMON-un qiyamı vaxtımı? Varmı belə bir fakt, video, heç olmazsa quruca bir foto?. Yoxdu. Bütün arxiv fotolarında Heydər Əliyevin yanında Bəylər Əyyubov var, Vasif Talıbov var, Əli Həsənovsa yoxdu, yox. Əksinə. Heydər Əliyev Moskada ağır günlər yaşayanda Əli Həsəov Kremlə və Bakıya- Mərkəzi Komitəyə teleqramlar vuraraq "Qorbaçov yenidənqurması"nı sidq ürəkdən dəstəklədiyini bildirirdi. (Bu teleqramların mətni və dərc olunduğu qəzetlər mətbuatda verilib. Və hamı bunu görüb.) Bəs bilirsiz Əli Həsənov o vaxtlar nə üçün Qorbaçov və Vəzirova teleqramlar göndərirdi? Ona görə ki, həmin zaman göndərişlə təhsil aldığı Moskva Dövlət Universitetinin sonuncu kursunda təhsil alırdı. Və tezlıklə Vətənə dönməli idi. Həmin ərəfələrdə isə Azərbaycanda əvvəlcə Vəzirov daha sonrasa Mütəllibov tərəfindən Heydər Əliyev kadrlarına qarşı amansız repressiyalar həyata keçirilirdi. Naxçıvandan və əslən Qərbi Azərbaycandan olan şəxslər kütləvi şəkildə vəzifədən kənarlaşdırılır və həbs olunurdu. Və bu "çoxbilmiş" də yaranmış situasiyadan faydanaraq bu teleqramlarla gözə girir, özünü sığorta edir, bir növ öz xidmətini təklif edirdi. Ancaq onun bu iyrənc planı belə həyata keçmədi.
***
Və Əli Həsənov sonralar AXCP, AMİP, ADİP və bir çox düşərgələrdən keçdikdən sonra məhz 1995-ci ildə və Ramiz Mehdiyevin dəstəyi ilə YAP-a təşrif buyurdu. İndi sual edirəm, budurmu Heydər Əliyevin sədaqətli silahdaşı? O, heç sonrakı çaxnaşmalı 2003-2005-ci illərdə belə qabağa çıxıb hansısa cəsarətli, "dişli" müsahibələr verib, gözə dəymədi. Ramiz Mehdiyevin sayəsində vəzifə pillələrində irəli çəkilməyinə baxmayaqaq bir qədər sonra elə həmin Mehdiyevin postuna göz dikib, Aparat rəhbəri olmaq sevdasına düşdü və məhz bundan sonra aralarında çat yarandı. Buna qədər isə onlar əlbir olaraq Heydər Əliyevin ən sədaqətli silahdaşlarını müxtəlif adlarla ləkələyib sıradan çıxarmaqla məşğul olurdular. Bu xəyənətkar cütlük ilk əvvəl məhşur 91-ləri sıradan çıxardı. Daha sonrasa Prezident İlham Əliyevin "91ləri" müxtəlif adlarla ləkələnib yox edildi. Əvəzindəsə, bir vaxtlar Ulu Öndərə və İlham Əliyevə düşmən, xəyanətkar olan, harada bir şərəfsiz, iki üzlü, alçaq siyasətçı, jurnalist, QHT rəhbəri varsa, başlarına toplayıb özlərinə yeni bir "91"lər düzəltdilər. Onların əli ilə Əliyevlərə sədaqətli olan əksər şəxslər ləkələndi, reputasiyası korlandı, vəzifədən kənarlaşdırıldı, bir çoxları isə həbsə atıldı.
***
Bu xidmətləri sayəsində isə həmin trollara vəzifə, ev, maşın, Fəxri ad, qrant, "paket"lər verildi. Onlar mötəbər məclislərdə yuxarı başda əyləşildi, xarci səfərlərə göndərildi və.s. Bu gün "qaçaqmalçılıq", "cəsusluq", "Vətənə xəyanət" maddəsiylə həbs olunan, o cümlədən fəaliyyəti qadağan olunan mətbuat orqanlarının demək olar ki, əksəriyyəti vaxtı ilə məhz Əli Həsənovun dəstəyi və xeyir duası ilə fəaliyyətə başlamışdı. " Meydan Tv", "Azadlıq radiosu", " BBC News", "Sputnik Azərbaycan" və digərləri buna misaldlr. Təsəvvür edin ki, sahibinin erməni Marqarita Simonyan olan "Sputnik" İA-nın Azərbaycan bürosu şəxsən Əli Həsənova məxsus bir binada yerləşdirilir və hər cürə dəstək olunurdu. O cümlədən də Avropadakı bloqqerlərin əksəriyyəti də məhz onun dostu Qurban Məmmədovun vasitəsi ilə maliyyələşirdi. Siz heç o zamanlar (elə indi də) tək Əli Həsənovun deyil, elə ailə üzvlərindən birinin haqda, bircə kəlmə də olsun təhqir-söyüş bir yana, heç adi bir tənqid eşitdinizmi? Halbuki həmin vaxtlar aşağıdan-yuxarıya təhqir olunmamış bir hakimiyyət nümayəndəsi yox idi.
***
Bax beləcə Əli Həsənov yerli və xarici mətbuatı qoltuğu altına ala bildi. Və bundan istifadə edib Ramiz Mehdiyevin patronajlığı altında külli maddiyyata sahib oldu. Təbii ki, bu qədər var dövlət və mətbuat üzərində agalığa malik insanın ürəyindən başından və boyundan böyük arzu və xəyallar keçirdi. Əli Həsənov o qədər harınladı ki, ölkənin ən korrupsioner məmurlarından birinə çevrildi. O dövlətin, MƏHZ DÖVLƏTİN, ayırdığı maliyyə ilə tikilən evləri sanki öz şəxsi əmlakı təki, ehtiyacı olanlara deyil, məhz (əksəriyyəti) özünün trol və xeyter kimi bəslədiyi şəxslərə verdi. Necə deyərlər "hamam suyu ilə özünə dost tutdu".
Ancaq Əli Həsənov və o cümlədən də ailə üzvləri sonrakı illərdə - yəni, nə pandemiya vaxtı, nə qardaş Türkiyədə zəlzələ olanda, nə də ki, 2-ci Qarabağ müharibəsi dövründə, ortalıqda görünmədi. O boyda varidatın sahibi azacıq da olsa bir qaziyə və ya Şəhid ailəsinə yardım göstərmədi. Ermənilər üzərində qələbədən sonra Əli Həsənov Xalqa və Prezidentə bir cümləlik təbriklə müraciət etməyə can çəkdi. Təsəvvür edin ki, torpaqlarımız 5 ildir ki, azad olunub amma bu ailə hələ də Şuşaya, Xankəndinə, Kəlbəcərə getməyib. Eynən Əli Kərimli kimi. Bax budur, Əli Həsənovun əsl siması.
***
O, hətta o dərəcədə qudurdu ki, "sahibi "Ramiz Mehdiyevlə belə kəllə-kəlləyə getməkdən çəkinmədi. Və bu da sonunda ona baha başa gəldi. "Boz kardinal", vaxtı ilə "Quska"nın qapanında "tərəzi vuran", gətirib adam elədiyi "cındırından cin hürkən" birisini bağışlamadı. Tezliklə, öz təsir dairəsində olan yerli və xarici mətbuatda Əli Həsənovun korrupsiya əməlləri və saysız-hesabsız mülklərinin siyahısı dərc olunmağa başlandı. Və sonunda, bir qədər kobud da səslənsə də, loru dilində desək, Əli Həsənov "it kimi"-urvatsız şəkildə, işdən qovuldu. İndi sual olunur: Siz hansı xəyanəti etmisiniz komandanıza? Siz nələr etmisiniz ki, Prezident üzünüzü belə görmək istəmədi və sizi heç bir məmurun arzulamadığı səviyyədə yola saldı?
Hansı ağıllı, müdrik şəxs, öz liderinin arxasından belə işlər çevirərdi ki, axırda bu qədər hörmətsizcəsinə işdən azad edilsin?!
Dövlətə, millətə, xalqa xəyanətləri anlatmaq zamanıdır və bunlar qətiyyən korrupsiya, rüşvətlə ölçülmür. Sizin yüzlərlə variantlarınız vardı ki, “öz qocalığınızı” yüksək səviyyədə təmin edəsiniz. Niyə informasiya resurslarını məhv edirdiniz? Niyə media, niyə jurnalistlər üçün tikilən mənzillər, niyə məhz ölkənin informasiya daşıyıcıları hədəf idi? Ona görə ki, sizə peşəkar, istedadlı, qabiliyyətli və bu Vətəni canından artıq sevənlər lazım deyildi: sizə kompromatı olanlar, gözükölgəlilər, ideyası olmayanlar, qabiliyyətsizlər lazım idi. Sizə, Prezidentə deyil, məhz özünüzə sədaqətli olan şəxslər lazım idi. Keçmişi ləkəli, mənliyi olmayan, ləyaqətsiz, bir sözlə desək, milli Pavlik Marozovlar.
***
Heç bir ağıllı məmur efirləri bu qədər kor qoymaz, kanalları bu günə salmazdı! Sizin, ətrafınıza topladığınız troll şəbəkəsi, onlara ayrılan vəsait, onların gördükləri iş sadəcə heyrət doğururdu.
İnformasiya müharibəsinin nə demək olduğunu çox gözəl anlayan Əli Həsənov bütün peşəkarları sistemdən uzaqlaşdırmaqla əslində dövlətə nə boyda ziyan verdiyinin fərqində deyildimi? O, 25 ilə yaxın bir müddətdə medianın məhvi üçün əlindən gələni də, gəlməyəni də etdi. Heç bir ağıllı məmur, medianın haqqını, sərvətini bu qədər insafsızcasına çapıb talamaz, kitab evlərini, qəzet köşklərini sıradan çıxarmazdı. Çünki Əli Həsənov ləyaqətli, istedadlı, peşəkar, kompromatsızlardan hər zaman qorxurdu! Gözükölgəli olmayanları yaxına buraxmırdı: hətta diasporada dəstək verdiklərinin də əksəriyyəti dələduz və yaramaz şəxslər idi!
Nə qədər "ürəyimdən tikan çıxsa" belə, Əli Həsovun vəzifədən azad olunandan sonrakı durumuna ürəyim ağrıdı. Çünki sərəncam verilən günün sabahı, onun haqda ilk yazıları yazıb, onu təhqir edən, ayaqları altına salıb tapdalayan, aşağılayanların əksəriyyəti də məhz sinəsinə şəxsən medal taxıb, uzun illər qoltuğu altında bəslədiyi həmin Pavlik Morozovlar oldu.
***
"Mən son 3 ildə sağlamlığımla, səhhətimlə bağlı cənab Prezidentdən xahiş etmişdim ki, məni bu gərgin fəaliyyətdən, gərgin vəziyyətdən azad etsin. Mən 53 yaşında iki dəfə açıq ürək əməliyyatı keçirmişəm, bir dəfə infakt olmuşam. Sağlamlığım bu günlə sabah arasında, belə deyək, mövcudluğum, sadəcə olaraq, Allaha bağlıdır".
Ancaq cənab Prezident, mənə etimad göstərib saxladı. Bu gün təşəkkür edirəm ki, nəhayət ki, müraciətimi də nəzərə alıb məni işdən azad elədi. Buna görə ona təşəkkür edirəm".
Bu yazıq, mağmın, bununla bərabər həm də YALAN cümlələrlə dolu müsahibəni, Əli Həsənov işdən qovulandan bir neçə gün sonra vermişdi. Daha bir neçə gün sonrasa " Nə olar məni rahat buraxın. Ağır xəstəyəm. Canımın hayındayam" demişdi.
İndi izah edin, cənab Həsənov: Prezident İlham Əliyev sizi işdən çıxaranda niyə 25 illik xidmətinizi nəzərə alıb, heç olmasa, hörmət əlaməti olaraq, qəbul etmədi, sizə medaldan-diplomdan verib, sayğı göstərmədi? Bax ona görə dedim ki, son müsahibələrinizdə də yalan danışdınız.
***
Bu gün Əli Həsənov ortalıqda yoxdu. İndi ,çox güman ki, dəniz sahillərindəki bağ evlərindən birinin eyvanında əyləşib nəzərlərini Xəzərin sonsuz üfüqlərinə zilləyərək xəyallara dalır. Hər bir halda peşımançılıq çəkir: həm elədiklərinə, həm də etmədiklərinə görə. Ağırdır. Ad günün ola, həm də 65, yəni yubiley yaşı, amma bir neçə doğmandan başqa heç kim təbrik etməyə... Yalnız həyat yoldaşın təbrik yaza. Onu da, əksəriyyəti saxta profillərdən, özün layk edəsən.
Əli müəllim, mən sizi heç bir bayramda və Ad gününüzdə təbrik eləməmişəm. Amma bu gün edirəm. Adətən Ad günlərində səbəbkara ürək sözlərini deyirlər. Mən də ürəyimdən keçənləri yazdım. Bəlkə də daha kəskin və sərt şəkildə yaza bilərdim. Etmədim. Yubiley yaşınıza keçdim. Bu da olsun sizə hədiyyəm.
Ad gününüz mübarək..
Etibar Hüseynov - protest.az
Bu xəbər üçün şərh yazın