Qaranlıq tunelə gedən Çovdarov “yeraltı dünya” “bos”unu hara aparır? - Gizlinlər
MTN işi üzrə keçirilən məhkəmələrin episentrində "yeraltı dünya”nın keçmiş sahibi Tağı Əhmədov dayanır.
Mühakimə olunan odioz general Akif Çovdarovun sabiq metro rəisindən 3 milyon rüşvət alması işindən başlamış tərəflərin qovğası yeni arsenalda davam etməkdədir.
A.Çovdarov "cəhənnəmə gedən, özünə yoldaş axtarır” deyiminə uyğun olaraq T.Əhmədovu da özü ilə bərabər bitirməkdədir.
MTN generalı yekunlaşmaqda olan məhkəməsində onun şərti azadlığa buraxılmayacağını bildiyinə görə zərərçəkmiş qismində tanınan sabiq metro "patron”na zərbələr endirməkdədir.
BakuPost.az-ın verdiyi xəbərə görə, Çovdarovun Əhmədovun mal-mülklərinin siyahısını açıqlaması, gündəmin baş mövzusuna bu varidatların müzakirəsinin çevrilməsi, müxtəlif reaksiyaların olması, hətta hakim Yeni Azərbaycan Partiyasından (YAP) münasibət bildirilməsi keçmiş metro rəisinin vəziyyətini gərginləşdirib.
İqtidar partiyasının Yasamal rayon təşkilatına rəhbərlik edən T.Əhmədovun növbəti dəfə "vurulması” onun YAP-dakı mövqeyini də itirməsi ilə nəticələnə bilər.
T.Əhmədovun son illərdə MTN işinə görə gündəmdə qalması onun "qələminin qırılması” deyil, artıq üzərindən xətt çəkilməsinə gətirib çıxara bilər.
Hətta T.Əhmədov qədər Bakı Hərbi Məhkəməsinin zalına dəfələrlə gələn ikinci dövlət məmuru olmayıb. MTN-nin həbs edilməyən generalları – Hilal Əsədov və Natəvan Mürvətova belə eks metro rəhbərindən daha az məhkəmədə iştirak ediblər. Belə desək, MTN işi Çovdarovla Əhmədov üzərində fokuslanıb.
BakuPost.az-ın verdiyi xəbərə görə, generalın ondan 3 milyonu qanunsuz alması hər nə qədər cinayət məsuliyyəti yaradıbsa, YAP sədrinin də bu milyonları hardan əldə etdiyi araşdırma zərurəti yaradır.
Eyni zamanda T.Əhmədovun açıqlanan sərvətinin də hansı pulla (!) qazandığı hüquq-mühafizə orqanları tərəfindən təftişi şərtləndirə bilər. Baxmayaraq ki, Əhmədovlar ailəsi Çovdarovun açıqladığı siyahını inkar edirlər.
Çovdarovun çıxışında mühüm bir detal isə Metropolitenin dövlətdən subsidiya aldığı halda, keçidlərdəki köşklərdən pul qazanılması, dövlət rəhbərliyinin qurumun yoxlanılması barədə tapşırığıdır.
Sitat: "Detallı araşdırma aparılan zaman bəlli olub ki, metrostansiyalarda aparatlar elə qurulub ki, hər 4 jetondan biri qeydiyyatdan keçməyib və onun pulu Tağı Əhmədovun cibinə gedirmiş.
Bütün bunları bizə Tağının qardaşı oğlu Şövqi Əhmədov dedi. Buna görə də Tağı Əhmədov öz qardaşı oğlundan imtina edib.
Bundan başqa biz agentura xəttimiz vasitəsilə müəyyən etdik ki, təzə vaqon adı ilə Moskvadan işlənmiş vaqon alıb "kraskalayıb”lar.
Bununla da 11 milyondan çox dövlət vəsaiti mənimsənilib. Hər 4 jetondan birini əldə etməklə aya 300 min manat pul qazanırdılar. İşıq puluna görə "Azərenerji”yə 4 milyon manat borcları var idi. Onu da mənimsəmişdi”.
Bu mənimsəmə faktları ilə bağlı prokurorluqda T.Əhmədov barəsində araşdırma aparıla bilər. İstisna deyil ki, YAP-ın Yasamal təşkilatında Gülər Əhmədovadan sonra Tağı Əhmədov burulğanı başlasın.
P.S. Çovdarovun açıqlamasında incə bir nüans var. General bildirib ki, Əhmədovun ondan şikayət etmək fikri olmayıb.
Sadəcə, oğlu Ruslan Əhmədov içkili halda maşınla adam vurub öldürüb və ANS-in kadrına düşüb. Tağı da məcbur olaraq onun əleyhinə ifadə verib. Həmin avtoqəza ilə bağlı araşdırma aparırıq.
Bu xəbər üçün şərh yazın