Qazax və Ağstafada 30 min əhalinin istifadə etdiyi 5 yol yenidən qurulub
Qazax rayonunda 2, Ağstafa rayonunda 3 avtomobil yolu yenidən qurularaq istifadəyə verilib."Azəravtoyol” ASC-nin verdiyi xəbərə görə, yenidən qurulan yolların ümumi uzunluğu 41,3 km təşkil edir. Bunlar Qazax rayonunda 2,7 km uzunluğunda olan yerli əhəmiyyətli Qazax-Düzqışlaq yolunun Hüseynbəyli hissəsi və Qazax-Yuxarı Əskipara yolunun 5-ci km-dən ayrılan 2,7 km uzunluğunda Kommuna yolları, Ağstafa rayonunda isə Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 458-ci km-dən ayrılan 9,8 km uzunluğa malik Ağstafa-Aşağı Kəsəmən-Zəlimxan yolu və 16,6 km uzunluğunda Vurğun-Köhnəqışlaq yolu, həmçinin respublika əhəmiyyətli Ağstafa-Poylu-Gürcüstan sərhədi avtomobil yolunun 33-cü km-dən ayrılan 9,5 km-lik Soyuqbulaq-Tinglik yoludur.
Bütün 5 avtomobil yolu yerli əhəmiyyətlidir və III texniki dərəcəyə uyğun olaraq 2 hərəkət zolağı enində yenidən qurulub. Yolların hərəkət hissəsinin eni 6 metr, çiyinlərin eni isə hər bir istiqamət üzrə 2 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir.
Layihə çərçivəsində yollar boyu yeni yol yatağı və yol əsası inşa olunub. Daha sonra ikiqat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.
Aparılan yenidənqurma işləri zamanı Vurğun-Köhnəqışlaq yolunun 14,5-ci km-də uzunluğu 32 metr olan Sağ Sahil magistral kanalı körpüsü inşa olunub, yolun 12,5-ci km-də isə uzunluğu 64 metr olan bir mövcud körpü isə əsaslı təmir edilib.
Layihəyə uyğun olaraq yaşayış məntəqələri ərazisində kommunikasiya xətlərinin yerləri dəyişdirilib və 88 ədəd müxtəlif diametrli (300-1250 mm) dairəvi və düzbucaqlı suötürücü boruların tikintisi həyata keçirilib.
Bundan başqa, hərəkətin normal təşkili üçün yollar boyu 296 ədəd məlumatverici lövhə və yol nişanları quraşdırılıb, 874 ədəd işıq əksetdirici dirək qoyulub və yolun ümumi uzunluğu boyu prosedurlara uyğun yol xətlənməsi işləri aparılıb. Tikinti işləri cəmi 3 ay ərzində tamamlanıb və yollar yerli sakinlərin istifadəsinə verilib.
Bu xəbər üçün şərh yazın