Qida təhlükəsizliyimizi təmin etmək üçün agentlik yaratmağa ehtiyac vardı?!
Qida Təhlükəsizliyi Agentliyi və onun tərkibində təsis edilmiş Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyəti barədəAzərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikasında Qida Təhlükəsizliyi Sistemin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 10 fevral 2017-ci il tarixli, 1235 nömrəli Fərman imzalayıb.
Bu fərmanla AR-nın Qida Təhlükəsizliyi Agentliyi və onun fəaliyyətini təmin etmək məqsədilə Qida Təhlükəsizliyi Komissiyası yaradılmışdır. Komissiyanın sədri – Azərbaycan Respublikasının Baş nazirinin müavini, üzvləri isə: AR-nın İqtisadiyyat naziri, AR-nın Maliyyə naziri, AR-nın səhiyyə naziri, AR-nın kənd təsərrüfatı naziri, AR-nın Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsinin sədri, AR-nın Əmlak Məsələləri və dövlət komitəsinin sədri, AR-nın Qida Təhlükəsizliyi Agentliyinin sədri təsdiq edilmişdir.
Bu fərmanla komissiyaya:
– Agentliyin əsasnaməsinin layihəsini, habelə dövlət orqanları və qurumlarının QTA-nin müəyyən edilmiş istiqamətlər üzrə fəaliyyətini həyata keçirilməsinə xidmət edən ştat cədvəli nəzərə alınmaqla, Agentliyin strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini 5 ay müddətində hazırlayıb AR Nazirlər Kabinetinə təqdim etməsi tapşırılmışdır.
Bu fərmanı ölkə prezidentinə imzalamaq üçün təqdim edən məmurlar AR Mülki Məcəlləsinin 45-ci maddəsindən “Hüquqi şəxsin yaradılması” bəndindən ya xəbərsiz olmuş, ya da prezidentə yarınmaq üçün bu mövzuda 15-dən çox fərman və proqram hazırlayıb imzalatmışlar. Mülki Məcəllənin 45-ci maddəsində deyilir: “Hüquqi şəxs onun təsis edilməsi və Nizamnaməsinin hazırlanması yolu ilə yaradılır. Mülki Məcəllənin 47.1 maddəsində isə deyilir: “Hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir”.
Bir sözlə, AR Mülki Məcəlləsinin IV Fəsil. Hüquqi şəxslər bölməsinin bütün maddələrinə zidd bir qurum yaradılmışdır.
Belə ki, “Qida Təhlükəsizliyi Agentliyi”nin təsisçisi kimi ölkə prezidenti göstərilmiş və o, bu qurumun bütün təsis sənədlərini təsdiq etmişdir.
Bu fərmanla ölkə başçısı AR Nazirlər Kabinetinə icrası mümkün olmayan 29 aylıq tapşırıqlar verilmişdir.
Ölkə prezidentinin 13 noyabr 2017-ci il tarixli, 1681 saylı fərmanı ilə QTA-nın Əsasnaməsini (əslində hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malik olur və mülki vəzifələr daşıyır (Məcəllənin 44.1 bəndi), strukturunu təsdiq etmiş, QTA aparatı işçilərinin say həddini – 75 ştat vahidini müəyyən etmiş, onun tabeliyində Qida Təhlükəsizliyi İnstitutu yaradılmışdır. QTA-nin institutu qida məhsullarının təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmalar aparmalı, elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsini həyata keçirməli, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların layihəsini hazırlamalı və aidiyyatı üzrə təqdim etməli, qida məhsullarına daim beynəlxalq standartların qida məhsullarının istehlakçıları tərəfindən könüllü tətbiq, qida məhsullarının göstəriciləri üzrə tədqiqat xidmətləri göstərməlidir.
Bu fərmanda institutun yenidən təşkili və ləğv edilməsi, təsisçi səlahiyyətlərini AR prezidentinə, nizamnamə və strukturunun təsdiqini, nizamnamə fondunun miqdarının müəyyən edilməsi və icra orqanının yaradılması və onun səlahiyyətlərinin müəyyənləşdirilməsi Nazirlər Kabinetinə tapşırılır.
Əziz oxucular! Savadsızlığın dərəcəsini görürsünüzmü? Görünür fərmanı hazırlayanların hüquqi şəxsin yaradılması barədə təsəvvürləri belə yoxdur. Olsaydı, bilməliydilər ki, hüquqi şəxsin nizamnaməsi təsisiçi(lər) tərəfindən təsdiq edilir və dövlət qeydiyyatından keçirilir. Nizamnamədə hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydaları göstərilir. Bu fərmanda isə təsisçi kimi ölkə prezidenti göstərilməklə, nizamnamənin hazırlanmasını Nazirlər Kabinetinə tapşırır. Bu isə nonsensdir.
Bu fərmanda Nazirlər Kabinetinə icrası, mümkün olmayan 22 aylıq tapşırıqlar verilir.
Daha sonra ölkə prezidenti 25 dekabr 2017-ci il tarixli, 3542 nömrəli Fərmanı ilə AR Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndinə (“AR MK-nın üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edir) istinadən QTA-nin sədrini NK-nin üzvü qismində təsdiq edir.
Daha sonra ölkə prezidenti 26 yanvar 2018-ci il tarixli 3596 saylı “AR-nın QTA-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayır. Bu fərmanda o NK-nə icrası 13 aya başa çatacaq tapşırıqlar verir.
Beləliklə, araşdırmalar nəticəsində məlum olur ki, yalnız QTA-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı ölkə prezidenti 2018-ci ildə 11 fərman və sərəncam imzalamış, 2019-2025-ci illər üçün dövlət proqramı qəbul edilmişdir.
* AR prezidentinin 2017-ci il 18 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş QTA-nın Nizamnaməsi, 11 may 2018-ci il tarixli fərmanla 44 dəyişiklik edilməsi. QTA-nın fəaliyyətinə qeyri-ciddi münasibəti və onun doğrudan da lazımsız bir qurum olduğunu nümayiş etdirir.
* Qida Təhlükəsizliyi Agentliyinin təsis edilməsi və sistemin təkmilləşdirilməsi ilə bağlı AR NK-nə 10 fevral 2017-ci ildən 11 iyun 2018-ci ilədək 27 aylıq tapşırıqlar verilmişdir.
* AR-da qida təzlükəsizliyinin təmin edilməsinə dair “Dövlət Proqramı”nda qida təhlükəsizliyini təmin edəcək bir təklifə belə rast gəlmək olmur.
Deyilənlərdən bu nəticəyə gəlmək olur ki, AR prezidentinin “AR-da qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə əlavə tədbirlər haqqında” 10 fevral 2017-ci il tarixli, 1235 saylı fərman AR Mülki Məcəlləsinin “Hüquqi Şəxslər” (IV Fəsil. Hüquqi Şəxslər) bölməsində göstərilən maddə heç birinə uyğun deyil.
– Ölkədə qida təhlükəsizliyi sistemi mövcud olmadan onu necə təkmilləşdirmək olar?
– Sistemin təkmilləşdirilməsi üçün ölkə prezidenti niyə fərman verməlidir?
– Sistem elə qurulmalıdır ki, o, qida təhlükəsizliyini təmin etsin və əlavə tədbirlərin işlənməsinə ehtiyac qalmasın.
– Bir də hər hansı sistemin və ya fəaliyyətin təkmilləşdirilməsi ilə əlaqədar tədbirləri niyə ölkə prezidenti verməlidir?
Bu fərmanın “yaradıcıları” ölkə prezidentinə yarınmaq istəsələr də, yüz belə agentliklərin yaranması və proqramların hazırlaması qida təhlükəsizliyini təmin edə bilməz.
Bəs nə etməli?
Bu sahə üzrə uzun illər çalışmış mütəxəssis kimi bütün məsuliyyətimlə deyə bilərəm ki, qida təhlükəsizliyini təmin etmək üçün Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatının (FAO) tövsiyələrini nəzərə almaqla, qida zəncirinin bütün mərhələlərinə, yəni ilkin istehsal, emal, dövriyyə və emal proseslərinə nəzarəti təmin edən beynəlxalq standartlar əsasında hazırlanmış məhsulun (xidmətin) beynəlxalq akkreditasiya orqanları tərəfindən sertifikatlaşdırılmasından irəli gələn prosesi (sistemi) yaratmaq lazımdır.
Bu prosesi (sistemi) həyata keçirmək üçün istifadəsi könüllü olan bu sahə üzrə beynəlxalq standartlaşdırmaq bankı yaratmaq, istehsalçıların sifarişi ilə bu standartlar üzrə sertifikatlaşdırmanı hazırlamaq və sertifikatlaşdırmaq lazımdır. Çox asan və sadə, yəni qida təhlükəsizliyin təmin etmək üçün nə agentlik, nə də institut gərək deyil, çünki onların fəaliyyətinə aid edilmiş bütün sənədlər, standartlar, normativ aktlar mövcuddur və istifadəsi könüllüdür. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan standartlaşdırma üzrə beynəlxalq təşkilat (ISO)-ın üzvüdür və buna görə hər il bu təşkilata müəyyən edilmiş miqdarda büdcədən vəsait ödənilir.
Məlumat üçün bildirmək istəyirəm ki, qida təhlükəsizliyini təmin edən istifadəsi məcburi olan 129 adda beynəlxalq standartlar mövcuddur və bunlardan istifadə könüllüdür.
Dövlət bu problemin həllini rəsmən mənə həvalə etsə, yəni dövlət başçısının və ya baş nazirin qərarı ilə bu iş mənə tapşırılandan sonra bir ay müddətində prosesin həllini təmin edən yol xəritəsinin layihəsini ölkə rəhbərliyinə təqdim edər və dövlət (hakimiyyət rəhbərləri) bu problemin həllində bu işin yerinə yetirilməsi üçün yaşıl işıq yandırsalar bu prosesin 3 (üç) ildə başa çatmasına tam məsuliyyətlə təminat verirəm.
Rahib ZEYNALOV
“İnnovasiya İstehsalat Mərkəzinin” direktoru,
Rusiya Mühəndislik Akademiyasının həqiqi,
Azərbaycan Mühəndislik Akademiyasının
müxbir üzvü, texnika elmləri doktoru, dosent
Bu xəbər üçün şərh yazın