Qüdrət Həsənquliyev Dövlət Miqrasiya Xidmətinə deputat sorğusu göndərib

Qüdrət Həsənquliyev Dövlət Miqrasiya Xidmətinə deputat sorğusu göndərib 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycanda doğulmuş şəxslərə ümumvətəndaşlıq pasportlarının verilməsi ilə bağlı yaranmış narazılıqlarla əlaqədar Dövlət Miqrasiya Xidmətinə deputat sorğusu göndərib.

Sorğuda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının “Vətəndaşlıq hüququ” adlanan 52-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır”. Konstitusiyanın “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı” adlanan 71-ci maddəsinə görə Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir.

Çox təəssüf ki, rəhbərlik etdiyiniz orqan və məhkəmələr Konstitusiyaya zidd olan Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanunun “Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi” adlanan 18-ci maddəsinin 1-ci hissəsinə - “Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi vətəndaşlığın itirilməsinə səbəb ola bilər” - istinada edib Azərbaycan Respublikası vətəndaşının pasportunu almaq istəyən Azərbaycanda doğulmuş soydaşlarımızdan heç bir dövlətin vətəndaşı olmamalarına dair sənəd tələb edirlər.

Baxmayaraq ki, nə Konstitusiya ilə, nə vətəndaşlıq haqqında qanunla ikili vətəndaşlıq qadağan olunmur. Ona görə də ikili vətəndaşlığın olması Konstitusiyanın 53-cü maddəsində qeyd olunan vətəndaşlığın itirilməsi hallarına aid olan hal sayıla bilməz. 

Qanunun “Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin vətəndaşlığına mənsubiyyətinin tanınmaması” adlanan 10-cu maddəsində deyilir ki, “Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır”.

Konstitusiya ilə ikili vətəndaşlıq qadağan edilmədiyindən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsi həm Konstitusiya, həm də “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” qanunun 10-cu maddəsi ilə ziddiyyət təşkil edir. O cümlədən, Azərbaycan Respublikası vətəndaşlığı haqqında Qanunun 5-ci maddəsinin 1-ci hissəsi də Konstitusiyaya açıqdan-açığa ziddir. Həmin maddədə göstərilir ki, o şəxslərin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınır ki, bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmuş olsun.

Konstitusiyanı bir kənara qoyaraq müvafiq dövlət hakimiyyət orqanlarının qanunun Konstitusiya ilə ziddiyyət təşkil edən normalarına və Nazirlər Kabinetinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” barədə 84 saylı qərarla təsdiq etdiyi Qaydalara istinad edərək vətəndaşlara pasport verməkdən imtina etməsi və məhkəmələrin həmin qərarları qüvvədə saxlayaraq vətəndaşların konstitusion hüquqlarını bərpa etməməsi dərin təəssüf hissi doğurur. Halbuki həmin Qaydaların 2.2.2 bəndində deyilir ki, vətəndaşlıq mənsubiyyətini müəyyənləşdirən hallardan biri də onun Azərbaycan Respublikasının ərazisində doğulmasıdır.

Hörmətli Vüsal müəllim,

Xahiş edirəm rəhbərlik etdiyiniz Dövlət Miqrasiya Xidmətinin xarici ölkə vətəndaşlığı olan, eyni zamanda Azərbaycan Respublikasında doğulduğu üçün Azərbaycan Respublikası vətəndaşının pasport və şəxsiyyət vəsiqəsini almaq istəyən vətəndaşlarımıza bundan imtina edilməsinə dair qərarlarının konstitusion əsasının olub-olmaması barədə mənə “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu” haqqında Qanunun 10-cu maddəsinə uyğun olaraq məlumat verəsiniz”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi