
Qusarın baş memarının biznes imperiyası... - BU DA FAKT!
Şahabbas Saruxanov dövlət üçün yox, özü üçün qurub-yaradıb.
Azərbaycanda fəaliyyət götərən əksər məmurların bizneslə məşğul olması heç kimə sirr deyil. Aylıq vəzifə maaşları 1000-1500 manat civarında olan məmurların sahib olduqları yüz min, bəzən isə milyonlarla ölçülən obyektlərin hansı vəsaitlə əldə etməkləri ölkə ictimaiyyətini həmişə düşündürüb.
AzFakt.com saytının araşdırması zamanı məlum oldu ki, böyük biznes imperiyasına sahib olan məmurlardan biri də Qusar rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri, baş memar Şahabbas Saruxanovdur.
Uzun illərdir Qusar rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinə rəhbərlik edən Şahabbas Saruxanovun Qusar rayonunda xeyli sayda obyekti var.
Maraqlıdır ki, aylıq məvacibi 1000 manat civarında olan Ş.Saruxanovun obyektlərinin dəyəri yüz min manatlarla ölçülür.
Qusarın baş memarının obyektlərindən biri regionda ən böyük taxta sexlərindən biridir. Qusarın Elza İbrahimova küçəsində yerləşən ümumi sahəsi 500 kvadrat olan bu sexin real bazar qiyməti 300 min manatdır.
Baş memarın digər obyekti isə həmin ünvanda yerləşir. İnzibati ofis binası olan bu obyektin isə ümumi sahəsi 100 kvadrat metrə yaxındır. Obyektin qiymətinin 80-110 min manat aralığındadır.
Qusar rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinə rəhbərlik edən Şahabbas Saruxanovun digər obyekti isə avtotəmir sexidir.
Bu sex Qusarda ən böyük sexlərdən biridir.
Faktiki ümumi sahəsi 400 kvadratdan artıq olan bu sexin qiymətinin isə 500 min manatdan artıqdır.
Araşdırmamız zamanı o da aydın oldu ki, sadalanan obyektlər Şahabbas Saruxanovun sahib olduğu mülklərin bir hissəsidir.
Onun aqrar və əmlak sahəsində də mühüm biznesi var.
Qeyd edək ki, Azərbaycanda əksər İcra Hakimiyyətlərinin memarlıq şöbələri korrupsiya yuvalarına çevrilib. Bu şöbədə əsasən qanunsuz tikintilərə icazə, meşə, fond, və ümumi istifadədə olan torpaq sahələrinin işbazlara istifadəyə verilməsi maxinasiyaları aparılır.
Hüquq mühafizə orqanları son illər bir neçə rayonunun İcra Hakimiyyətlərinin memarlıq-tikinti şöbələrində əməliyyat keçirərək korrupsiyaya yol vermiş vəzifəli şəxsləri həbs ediblər.
Bu sırada Lənkəran, Abşeron, Goranboy və digər rayonların memarlarını göstərmək olar.
Bu xəbər üçün şərh yazın