Rəfiyev jurnalistlərlə AÇIQ ƏDAVƏTDƏ... -

Rəfiyev jurnalistlərlə AÇIQ ƏDAVƏTDƏ... - NƏ BAŞ VERİR?

“Sumqayıt” futbol klubunun prezidenti Riad Rəfiyev iki saytın rəhbərindən -idman jurnalistləri Anar Şabanoğlu və İxtiyar Əsgərovdan Baş Prokurorluğa şikayət edib.

Riad Rəfiyev şikayət predmeti olaraq hər iki saytda gedən yazılarda şərəf və ləyaqətinə toxunulduğunu iddia edib.

Jurnalistlər prokurorluğa dəvət olunublar və izahatları alınıb.

“Matç.az”ın baş redaktoru İxtiyar Əsgərov məsələyə münasibət bildirərkən ciddi problem olmadığını deyib:

““Turan Tovuz” “Sumqayıt”a uduzdurulacaq?” – belə bir yazı göstərib soruşdular ki, bu məlumat səndə haradandır? Mən də dedim ki, fakt var, statistik məlumatdır. Yəni burada şərəf və ləyaqət təhqir olunmayıb. Daha sonra başqa bir yazı göstərdilər ki, burada məlumat səhvdir, dəqiqləşdirilməmiş informasiyalar var. Mən isə bunun cavabında o yazını istinadla qoyduğumu bildirdim. Yəni dövlət tərəfindən maliyyələşən, Media Agentliyində reyestrdən keçən bir saytın xəbəridir. Mən onu istinadla qoymuşam. Burada heç bir məsuliyyət daşımıram. Sonra isə dedilər ki, “yarıtmaz fəaliyyət” ifadəsində Riad Rəfiyevin şərəf və ləyaqəti təhqir olunub. Dedim ki, “yarıtmaz fəaliyyət” sözünə görə Riad Rəfiyevin şərəf və ləyaqəti təhqir olunubsa, istənilən cəzanı çəkməyə hazıram”.

“Sports.az” saytının redaktoru Anar Şabanoğlu bildirib ki, Riad Rəfiyevin şikayəti yalan, şər-böhtan üzərində qurulub.

“Məsələ ilə bağlı vəkillərlə məsləhətləşib məhkəməyə müraciət etməyi düşünürük. Çox təhlükəli bir presedent yaratmaq istəyir. İndiyədək Riad Rəfiyevin “daydayı” Elxan Məmmədov (Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi (2007–2022)) daxil, heç kim idman jurnalistlərindən Baş Prokurorluğa şikayət etməyib. Halbuki, bəlkə də, həmin Elxan Məmmədovdan çox ölkədə tənqid olunan adam yox idi”.

“Rövşən Nəcəf, Balakişi Qasımov, Maksud Adıgözəlov, Sərxan Hacıyev və AFFA-nın yeni rəhbərliyi də daim tənqid edilir, klub rəhbərləri də həmçinin. Məsələn, “Araz Naxçıvan”ın prezidenti Zaur Axundov kimi ağır xasiyyətli, Fariz Nəcəfov, Ehtiram Quliyev kimi tək futbolumuza yox, ölkəmizə böyük xidmətləri olan Qurban Qurbanov kimi futbol tariximizin canlı əfsanəsi, Rəşad Sadıqov kimi milyonların sevimlisi daim tənqid edilir. Edilməlidirlər də. Tənqid olmasa, inkişaf mümkün deyil”, – Anar Şabanoğlu deyib.

Əlavə edib ki, adlarını sadaladığı şəxslər onu məhkəməyə versə, daha normal qarşılayardı:

“Amma məni görün kim məhkəməyə verib? Milyonçu menecer-prezident, Azərbaycan futbolundan milyonları necə, hansı yollarla əldə etdiyi ən azı idman mediasına və futbol camiəsinə bəlli olan Riad Rəfiyev. Olsun, Riad Rəfiyev bununla futbolda öz sonunu gətirəcək. İndiyə kimi ictimaiyyətin bilmədiyi bir çox yeni faktlar üzə çıxacaq”./Dia-az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər