Rəqəmsal platformada insan resurslarının kompleks idarə olunması üçün intellektual sistem təqdim olunub

Rəqəmsal platformada insan resurslarının kompleks idarə olunması üçün intellektual sistem təqdim olunub 

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycan Texniki Universitetinin (AzTU) doktorantı Fuad Hüseynlinin texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işi çərçivəsində alınmış elmi-nəzəri nəticələrin müzakirəsinə keçirilib. Dissertasiya işi üzrə elmi rəhbər institutun baş elmi işçisi, texnika elmləri doktoru, dosent Zərifə Cəbrayılovadır.

 “Bankın insan resurslarının idarə olunması qərarlarının intellektual dəstəklənməsi metodlarının işlənməsi” mövzusunda dissertasiya işini təqdim edən Fuad Hüseynli tədqiqatın aktuallığı, məqsədi, qarşıya qoyulmuş məsələlər və əldə olunan mühüm nəticələr haqqında ətraflı məlumat verib.

Məruzəçi bildirib ki, bank sektorunda insan resurslarının idarə olunması (İRİO) qərarlarının qəbulu üçün ənənəvi metodlar məlumatların analitikası baxımından obyektivliyi və çevikliyi tam təmin edə bilmir, süni intellekt metodlarının tətbiqi ilə bu istiqamətdə tədqiqatların aparılmasını aktuallaşdırır. Bu baxımdan bankda İRİO məsələlərinin həllində intellektual texnologiyalara əsaslanmaqla qəbul olunan qərarların operativliyini, şəffaflığını və elmi əsaslandırılmış olmasını təmin etməyə yönəlmiş metodların işlənilməsinin zəruriliyi əsaslandırılıb.

Tədqiqatda İRİO məsələlərinin qeyri-müəyyən mühitdə formalaşan çoxmeyarlı məsələ kimi ümumiləşdirilmiş modeli təklif edilib, meyarların həm kəmiyyət, həm də keyfiyyət xarakterliyini, bir-birinə nəzərən müxtəlif vacibliyə malik olmasını, ekspert qiymətləndirmələrinin linqvistik xarakterliyini və s. nəzərə almağa imkan verən qeyri-səlis riyazi aparata istinad edən çoxmeyarlı qərar qəbuletmə metodları işlənilib.

Doktorant Fuad Hüseynli dissertasiya işi çərçivəsində əldə olunmuş elmi və praktiki nəticələri təqdim edərək bildirib ki, tədqiqatda bankın İRİO-da qərar qəbuletmə prosesinin təkmilləşdirilməsi məqsədilə intellektual dəstək tələb edən məsələləri xarakterizə edən kriteriyalar (və alt kriteriyalar) sistemi işlənilib. Kriteriyaların vaciblik əmsallarını, qərar qəbulu prosesində iştirak edən ekspertlərin kompetentliyini nəzərə almağa imkan verən qeyri-səlis çoxkriteriyalı metodlar təklif edilmiş, onlar əsasında bankda qərarların qəbulunun obyektivliyini və operativliyini təmin edə bilən intellektual dəstək sistemi işlənilib.

Dissertasiya işinə dair müzakirələr aparılıb, suallar cavablandırılıb.

Tədbirdə AMEA-nın vitse-prezidenti institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək dissertasiya işinə dair tövsiyələrini diqqətə çatdırıb. Akademik Rasim Əliquliyev təqdim olunan işin İnformasiya Texnologiyaları İnstitutu ilə AzTU arasında imzalanmış memorandum çərçivəsində reallaşdırıldığını vurğulayıb. Qeyd edib ki, iki müəssisə arasında qurulan əməkdaşlıq çərçivəsində institutun mütəxəssisləri AzTU-nun doktorantlarına elmi rəhbərlik edir, universitenin gənc tədqiqatçıları isə institutda yaradılan elmi mühitindən səmərəli istifadə etmək imkanı əldə edirlər.

Alim dissertasiya işində əldə olunmuş elmi nəticələrin ümumilikdə ölkənin bank sistemində tətbiqi imkanlarının araşdırılmasının önəminə toxunub, dissertasiya işində qeyri-səlis məntiq və intellektual idarəetmə modellərinə istinad etməklə təklif edilən metodların süni intellekt texnologiyalarının inkişafı və tətbiqi istiqamətində əhəmiyyətini vurğulayıb.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
⇪