"Rəqəmsal savadlılığın artırılması XXI əsrin ən zəruri tələbidir" -Rasim Əliquliyev
AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev İctimai Televiziyanın “Xəbərimiz var” proqramının qonağı olub.
Faktinfo.az xəbər verir ki,alim proqramda rəqəmsal savadlılığın artırılması məsələlərindən danışıb,hər bir cəmiyyətdə rəqəmsal bacarıqların inkişaf etdirilməsinin XXI əsrin tələbi olduğunu deyib. Bütün dünyada olduğu kimi, Azərbaycanda da bu sahədə yeni reallıqların yarandığını, zəruri tədbirlərin həyata keçirildiyini söyləyib. Bildirib ki, hər bir ailə öz övladının kiçik yaşlardan başlayaraq ali təhsilin yüksək pillələrinə kimi informasiya texnologiyalarına dair zəruri, minimal biliklərə yiyələnməsini təmin etməlidir.
Süni intellekt və rəqəmsal texnologiyaların artıq bütün sferalara sürətlə nüfuz etdiyini qeyd edən akademik Rasim Əliquliyev, müasir dövrdə kibertəhlükəsizlik və fərdi məlumatların qorunması məsələlərinin də aktuallaşdığını diqqətə çatdırıb. Bu kimi məsələlərin dövlət tərəfindən hər zaman diqqətə saxlanıldığını vurğulayan alim, AR Prezidenti İlham Əliyevin “2023-2027-ci illər üçün Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzaladığını bildirib. Bu sərəncamın müvafiq dövlət qurumları, eləcə də alim və mütəxəssislərin qarşısına mühüm vəzifələr qoyduğunu deyib.
AMEA-nın vitse-prezidenti süni intellekt texnologiyalarının ictimai həyatın bütün sefralarına güclü təsir edərək yeni reallıqlar yaratdığını, dövrümüzün ideologiyasına çevrilməkdə olduğunu bildirib. Həmçinin bu tendensiyanın müsbət və mənfi tərəflərindən danışıb.
Bu xəbər üçün şərh yazın