"Rəqəmsal transformasiyalarla bağlı milli dialoq platformasında müzakirələrin aparılmasına böyük ehtiyac vardır" -Akademik
"Hilton Baku" otelində SİNAM şirkətinin 30 illik yubileyinə həsr olunmuş “Rəqəmsal Transformasiya: Problemlər və Həllər” (DTPS-2024) elmi-praktiki konfransı keçirildi.
Faktinfo.az xəbər verir ki, AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev konfransda SİNAM şirkətinin yaranması və inkişafı tarixi, bu qurumun Azərbaycanın İKT sektorunun inkişafında rolu və müasir dövrdəki fəaliyyətinə dair məruzə ilə çıxış etdi.Akademik Rasim Əliquliyev əvvəlcə AMEA-nın rəhbərliyi və İnformasiya Texnologiyaları İnstitutunun kollektivi adından tədbir iştirakçılarını salamladı, belə bir dialoq platformasını təşkil etdiklərinə görə müvafiq qurumlara təşəkkürünü bildirdi. Tədbirdə İKT-nin müxtəlif problemləri ilə məşğul olan dövlət və biznes qurumları, vətəndaş cəmiyyəti institutları, o cümlədən elm və təhsil müəssisələrini təmsil edən nümayəndələrin bir araya gəlməsini yüksək qiymətləndirdi.
SİNAM-ın yaranma tarixindən bəhs edən alim bu şirkətin hələ 1980-ci illərdə Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsində (indiki İnformasiya Texnologiyaları İnstitutu) formalaşmağa başladığını, təsisçilərinin məhz bu elmi-tədqiqat müəssisəsində fəaliyyət göstərdiklərini, yüksəkixtisaslı kadr kimi yetişdiklərini xatırlatdı.
SİNAM şirkətinin rəsmi olaraq 1994-cü ildə akademik Əli Abbasovun rəhbərliyi altında Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsinin dəstəyilə yarandığını, bu qurumun öz fəaliyyətini elmin və qabaqcıl texnologiyaların əsasında qurduğunu vurğuladı.
Müstəqil Azərbaycanda İKT sektorunun formalaşması və inkişafında SİNAM-ın rolundan bəhs edən R.Əliquliyev bu şirkətin ölkəmizin maraqlarına xidmət edən, strateji əhəmiyyətə malik layihələrə imza atdığını qeyd etdi: “1999-cu ildə SİNAM şirkəti, BMT-nin İnkişaf Proqramı və Dövlət Gömrük Komitəsi “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin potensialının gücləndirilməsi və informasiyanın ötürülməsi şəbəkəsinin yaradılması” birgə infrastruktur layihəsini həyata keçirmişdir”.
Akademik R.Əliquliyev SİNAM şirkətinin elmi-tədqiqat institutlarının potensialından müntəzəm olaraq bəhrələndiyini, alim və mütəxəssislərin mühüm nəticələrinin kommersiyalaşdırılması, innovativ istiqamətdə reallaşdırılması məqsədilə mühüm tədbirlər həyata keçirdiklərini nəzərə çatdırdı. Həmçinin qeyd etdi ki, SİNAM istehsal etdiyi rəqabətədavamlı milli İKT məhsullarını xarici bazarlara çıxaran ilk Azərbaycan şirkətidir.
AMEA-nın vitse-prezidenti SİNAM-ın kommersiya deyil, həm də elmi-innovativ, elmi-texnoloji park funksiyasını həyata keçirdiyini söylədi, eyni zamanda bu qurumu qabaqcıl texnologiyaları ölkəmizə gətirən və müxtəlif sahələrdə tətbiq edən transfer mərkəzi kimi qiymətləndirdi.
Rəqəmsal Azərbaycanın formalaşması və inkişafı ilə bağlı müvafiq dövlət qurumları və elmi ictimaiyyətin qarşısına mühüm vəzifələrin qoyulduğunu vurğulayan akademik R.Əliquliyev rəqəmsal transformasiyalar şəraitində gedən bütün proseslərə adekvat reaksiyaların verilməsi, mövcud problemlərin geniş şəkildə müzakirəsi məqsədilə Davos təcrübəsinə əsaslanaraq dialoq platformasının yaradılmasının zəruriliyinin vurğuladı: “Qlobal texnoloji çağırışlar, dövlət başçısının yüksək texnologiyalar sahəsində yürütdüyü məqsədyönlü siyasət, eyni zamanda IV Sənaye İnqilabı və süni intellekt texnologiyalarının yaratdığı reallıqlar ölkəmizdə rəqəmsal transformasiyalar kontekstində meydana çıxan problemləri, vəzifələri dəyirmi stol ətrafında müzakirə etməyi, milli dialoq platformasında fikir mübadiləsi aparmağı, cəmiyyəti maarifləndirməyi və müvafiq dövlət orqanlarına konkret təkliflər verməyi tələb edir”.
Daha sonra akademik Rasim Əliquliyev SİNAM şirkətini və onun yüksək intellektual potensiala malik kadrlardan ibarət kollektivini 30 illik yubiley münasibətilə təbrik etdi, qurumun əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Bu xəbər üçün şərh yazın