"Respublikanski"dən 250 işçi çıxarıldı -

"Respublikanski"dən 250 işçi çıxarıldı - “Şər-böhtanla, ərizə yazmağa məcbur edirlər"

Respublika Klinik Xəstəxanasında 20-30 ildir orda çalışan tibbi heyət - istər həkimlər, istər tibb bacıları kütləvi şəkildə işdən çıxarılır.

Əldə etdiyimiz məlumata görə, işdən çıxarılanların sayı 200 nəfəri keçib. Təbii ki, onların 90%-i öz ərizəsi ilə işdən çıxarılır.





Faktinfo.az xəbər verir ki,onlardan biri ginekologiya şöbəsinin cərrah mama-ginekoloqu Bahar Novruzova 30 ildir çalışdığı xəstəxanadan necə “atıldığını” və başına gətirilənləri Medicina.az -a danışıb.

Faktinfo.az müsahibəni təqdim edir:

- Bahar xanım, Klinik xəstəxanadan çıxarılmağınız və ədalətsizlə üzləşməyinizlə bağlı dövlət qurumları, Mehriban xanıma və İcbari Sığorta rəhbərinə müraciət ünvanlamısız. Sizə qarşı nə baş verib, niyə 30 il çalışdığınız xəstəxanadan çıxarıldınız?


- Mən 30 ildir, bu xəstəxananın ən öndə gedən, ən ağır əməliyyatlarını icra edən cərrahı olmuşam. Bundan əlavə rayonlarda ağır xəstələr olanda məni göndəriblər. Yeganə kadr idim ki, ağır xəstələri vəziyyətdən çıxardığım üçün bəzən gecəylə maşına əyləşdirib bölgələrə göndəriblər.

İlham Əliyev və Heydər Əliyevin doğum günlərində bizi 1 həftəlik Naxçıvana həmişə məni göndərilər.


Bu vaxta qədər nə baş həkim, nə direktorlarla problemim olmayıb.

Nə baş verdisə, xəstəxanaya Elviz Qasımov direktor gələndən oldu.



Bizim şöbədə sığortadan qabaq da həmişə dərman problemi olub. Elə vacib qanaxma saxlayan dərmanlar var ki, verilməyib. Bizə şöbə müdirlərimiz deyib ki, başımız salamat olsun deyə, özünüzdə bu dərmanlar olsun. Biz də hətta apteklərdə olmayan dərmanı öz pulumuza alıb şöbədəki şkafımızda saxlayırdıq. Hətta fevralda Oksitatin adlı uşaqlığı yığan dərman olmadı, Naxçıvandakı apteklərdən gətizdirib həkimlər arasında bölüşdürmüşük. Əgər belə işləməsəydik, inanın çox xəstə ölərdi. Çünki gecə xəstə ağırlaşanda nə direktor haya yetəcək, nə baş həkim, nə dərmana cavabdeh şəxs.


Bu yay mən bir neçə həkimlə məzuniyyətdə idik. Bizə xəbər verdilər ki, xəstəxananın mühafisəzinin rəisi Pərviz girib şöbəyə, şkafları açıb dağıdıb, ordakı bizə məxsus şəxsi əşiyaları və dərmanları götürüb. Öz pulumuza düzəltdiyimiz dolabda əməliyyat geyimlərimizi atıb bayıra. Hətta alt paltarına kimi. Pərvizi də bu təzə direktor komandası ilə gətirib.


Sentyabrın 7-si gəlib şöbə müdirin yanına getdim, şikayət etdim. Sentyabrın 8-i əməliyyat otağının qarşısında 19 mama cərrahın təcili tibbi xidmət üçün dərman və ləvazimatlar, şok əleyhinə dərmanlar olan dolabları var idi. Yenə bu Pərviz yanındakılarla gəlib, onları heç bizə açdırmadan sındırıb, dərmanları, sapları yığıb apardı. Mən də bunu gördüm, şkafda mənim şəxsi dərmanlarımı yığdım ki, sabah növbədəyəm dərmansız qalacam. İşimi ehtiyatlı tutmaq üçün yığıb maşınıma apardım.


Sonra Pərviz gəldi ki, Bahar xanım, onları verin bizə, biz yoxlayıb tutuşdurmalıyıq, sizin olsa, sonra hara istəyirsiz aparın. Mən də razılaşdım. Özüm maşındakıları verdim. Guya seriyası ilə yoxlayacaq, əgər bizim olsa akt yazacağıq. Dedim lap yaxşı.


2 gün keçdi, xəbər çıxmadı. Hər yerə getdim, şöbə müdiri, ümumi şöbə, hamısı dedi bizə heç nə deyilməyib. 11-i mənim növbəmdə bir xəstə gəldi, cırılmış çapıqla, xəsətəxanada bir dənə sap yoxdur ki, əməliyyat edək. Xəstə ağrıdan ölür. Əməliyyatxananın baş tibb bacısı deyir ki, sap yoxdur. Mənim ehtiyatımı bu Pərviz aparıb. Haray saldım ki, xəstə öləcək. Hansı baş həkimin, müavinin qapısını döydüm dedilər, bilmirik get direktora, Elvizə. O da heç kimi qəbul etmir. Gələn günündən onun qapısı kollkektivin üzünə bağlıdır. Özü kimi istəyir qəbul edir. Qəbul günü də yoxdur. Məni o qədər fırlatdılar ki, xəstə də ölür. Axırda dedim bu dəqiqə TƏBİB-ə zəng edəcəm ki, xəstə ölür, dərmanımız, sapımız yoxdur tikək. Xəstənin adamı da yoxdur ki, göndərək alsın. Axırda həmin Pərvizə zəng edib, götürdüyü dərmanlarımdan verdilər.


Bu həngamədən sonra məni kadrlar şöbəsi çağırdı ki, gəlin, ərizənizi yazın. Hüquqşünas mənə dedi ki, sən xəstəxananın dərmanlarını götürüb çıxarmaqda təqsirləndirilirsən, ya indi könüllü çıx, ya da 70C ilə çıxarılırsan. Mən xəstəxanada bütün dərman işlərinə baxanların yanına, bütün şöbələrə getdim ki, məndən götürülən dərmanların xəstəxanaya qəbul seriyası yoxlanılıb, kim qərar verdi ki, bunlar xəstəxananındır?. Hamı dedi bizi işə qatma, biz dərman yoxlamamışıq.

Bəs əskiklik yoxdur, sərfiyyat düz, çıxar düz, dərmanlar necə oldu sizin oldu?


19 şkaf var şöbədə. Hər gün o əməliyyatxanaya girirdilər, görmürdülər 19 şkaf, ağzına kimi doludur?

Hüquqşünas məndən sübut istədi. Getdim akt yazdırdım, şöbənin 19 həkiminin hamısı qol çəkdi ki, bizə deyən olmayıb ki, dərman saxlamaq olmaz.


Mən dərman oğrusu olsam, onu açıq-aşkar, gündüz vaxtı maşına niyə aparıram?

Mənim Naxçıvandan qohumlarım belə şahiddir ki, biz tapılmayan dərmanları tanışlıqla ordan gətizdirimişik.


Mənə deyir, əlimizdə videoçəkiliş var. Mən də deyirəm sübut edin. O araşdırmanı kim edib, kim sübut etdi ki, o dərmanlar xəstəxanandır.


Həmkarların sədri də məni çağırdı ki, Elviz müəllim təlimat göndərib, sənin məsələn iclasa çıxarılacaq. Ora da çıxsa gərək, maddə ilə çıxasan. Nə qədər gec deyil, öz ərizənlə çıx. Adamı durduğu yerdə şərə salarlar? Mən vəkillə məsləhətləşdim, o da dedi ki, Həmkarlar təşkilatına maaşından pul tutulub. Həmkarlar işçini müdafiə etməlidir, direktordan asılı olmamalıdır. Onlar sənə deyə bilməz ərizəni yaz. İclası tələb et, qoy olsun, əlindəki sübutları da apar. Ərizəmi yazmadım, tələb etdim ki, həmkarların üzvlərinin 70%i olmasa o iclası qəbul etməyəcəm. Mən vəkillə getmək istədim, qoymadılar ki, bizim hüquqşünas ola –ola başqa vəkil olmaz. 10 nəfəri yığıblar, mən hər şeyi göstərdim. Yenə də üzümə durdular ki, sizə deyilib, dərman saxlamayın, siz əmrə tabe olmamısız.


Sonradan eşitdim ki, həmin o mühafizənin rəisi digər işçilərə hansı ki, onların da şkaflarnı açıb dərmanlarını yığmışdı, tibb bacısı ilə xəbər göndərmişdi ki, kim istəmir adı siyahıya düşsün, gəlib məni görsün ki, onun adını pozum. Onun şkafını təmizə çıxaraq. Elə adamlar var otaqda, şkafında nə qədər dərmanlar çıxıb, onlarln adı siyahıda olmadı, Elvizə verilmədir.






Həmkarların iclasından sonra məni çağırdılar ki, sənin işinə 70C xitam verdik. Bəs bu qədər izahat. Bu qədər sübut. Yenə dedilər Elviz müəllimlikdir. 4 dəfə getmişdim, axırıncı dəfə getdim, dedilər vaxtı yoxdur, dedim bu gün məni qəbul etməyənə kimi burdan çıxmayacam, burda elə bir həngamə qopacaq ki, səsi respublikaya yayılacaq. Mən artıq dözə bilmərəm bu boyda tapdağa,

saymamazlığa. Qarşınızdakı uşaq deyil. Elviz bu xəstəxananın qapısını tanımayanda mən burda can qoymuşam.


Axırda məni qəbul etdi. Hər şeyi ona danışdım. Dedim, gecə növbəsində xəstə sığorta ilə gəlir, əllərində göndəriş, dərman istəyəndə göyə çıxırlar. Nəylə tikim, yorğan sapıyla? Allah eləməsin, xəstəyə nəsə olsun, qalırıq prokurorluq yollarında. Heç kim arxamızda durmur. Ona görə 200 manatımızdan keçib hər şeyi alırıq. Allah xətrinə sağalsın, təki düzəlsin. Dedi, mən özüm bu məsələni araşdıracam. Dedim, bəs məni 70C ilə çıxarırsız, oğru damğası vurursuz, araşdırıb sonra qərar verin. Mənə dedi, yaxşı, get onda ərizəni təzədən yaz. Mən də ailəmə məsləhətləşdim, özəldə də işləməyimə mane olmasın deyə, məcbur olub yazdım.


Təsəvvür edin, şöbədən əşyalarımı götürürəm, orda bir mədəniyyətsiz, hamıya söz atan baş tibb bacısı var, söz eşitdirir ki, mənə sataşanın axırı belə olar. Mənim də onunla nə sözüm? Nə var, nə var, neçə dəfə demişəm ki, dövlətin bizə verdiyi dərmanları niyə vermirsiz? Çünki məhz baş tibb bacısı aptekdən lazımi dərmanları qəbul edib gətirməlidir. Bizə eşitdirir ki, kiminsə bu şöbədə qalıb işləməsi mənim 2 dodağımın arasındadır. Əslində, bizim şöbədə mamaça diplomu olan işləməlidir. Bu tibb bacısı ola-ola gətirib qoyublar şöbəyə. Onun işi ancaq palatada xəstələri sorğu-sual edib, həkimlər barədə informasiya almaq, həkimləri güdməkdir. Xəstələr də onun əlindən bezmişdilər. Bizim şöbədə əsl repressiya gedir. Mən 57 yaşıma kimi belə şey görməmişəm.



- Bahar xanım, siz əgər həmin gün dərmanları qutuda maşına aparmasaydız və etiraz etməsəydiz, sizi çıxarmayacaqdılar? Yoxsa elə əvvəldən sizə münasibət birmənalı deyildi? Tək sizi çıxarmaq istəyirdilər?


- Yox... Tək mən yox. Məndən qabaq nə qədər insanı çıxarıb. Arzu həkimi, Rəfiqə xanımı. Hərəsini bir bəhanə ilə ard-arda töhmət, xəbərdarlıq, axırda da ərizə. O şöbə neçə illərdir mənlə Sevil xanımın çiyinlərində idi. Onu da başlayıblar sıxışdırmağa. Onun da şkafından dərman çıxıb. Ona izahat yazdırırlar. Yenə də baş tibb bacısı Vüsalə ondan şikayət yazıb, guya, xəstələr narazıdır. Sevil xanımı izahata çağıranda, o xəstələrin hamısından izahat alıb ki, biz həkimdən razıyıq, bizdən bir manat da istəməyib. Aparıb qoyub hüquqşünasın qarşısına.



Təbii ki, mən haqsızlığıa dözmədim. Mehriban xanıma, TƏBİB sədrinə, Zaur Əliyevə məktublar yazdım və Zaur müəllimin qəbulunda oldum. Çox mədəni şəkildə qəbul etdi, dinlədi. Dedi, bu işi mən özüm araşdıracam.


Ondan sonra yoxlama komissiyası göndərib, bütün işçiləri danışdırırlar. Sual verirlər ki, uşaq doğulanda ailəyə pampers aldırırsız? Deyirik hə. 3 gün ərzində uşaq yeməyi, butul və pampers aldırırıq. Deyir, bəs xəstəxana sizə vermir pampers? Deyirik, yox. Məlum olur ki, son 2 ayda bura 7000 pampers verilib. Amma şöbəyə çatdırılmır.


Dedik, bizə inanmırsız, düşün şöbəyə, doğuş edən analardan soruşun ki, pampers veriblər, ya özünüz almısız. Yoxlayın pampersləri hərədə bir cür.


Mənə çatan məlumata görə, məlum olub ki, bu direktor gələndən Respublika Klinik xəstəxanasından son 6 ayda 250 işçi çıxarılıb, 300-dən çox yeni işçi qəbul edilib. Məqsəd də boş yer açıb, təzə adamlar götürməkdir. Onun da səbəbini yəqin komissiya araşdırar.


Mən hazırda özəldə çalışıram, hara getsəm, məni kimi cərraha ehtiyac var, işdən çıxanda neçə klinika mən çağırdı. Amma bu haqqımın da yerdə qalmasını istəmirəm. Ümid edirəm, bu araşdırmanın, yoxlamaların, müraciətlərin nəticəsi olacaq. Mən İcbari Tibbi Sığortanın rəhbəri Zaur müəllimdən də ədalətli yanaşma gözləyirəm. İstəyirəm ki, günahsızlığımı sübut edim!

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər