Ronaldo "Yuventus"u məğlubiyyətdən xilas etdi

Ronaldo "Yuventus"u məğlubiyyətdən xilas etdi 

Dekabrın 26-da İtaliya A Seriyasında 18-ci turun oyunları keçirilib.

Turun gözlənilməz hesabı “Atleti Azzurri İtalia” stadionunda qeydə alınıb. Son çempion “Yuventus” səfərdə “Atalanta” komandasının qonağı olub. Görüş 2:2 hesabı ilə başa çatıb. Gərgin keçən qarşılaşmada hesabı erkən qolla Turin təmsilçisi açıb. Miralim Pyaniçin ötürməsindən sonra top “Atalanta” klubunun müdafiəçisi Berat Djimsitinin ayağına dəyərək qapıdan keçib – 0:1. Qoldan sonra irəli atılan meydan sahibləri matçın 24-cü dəqiqəsində hesaba tarazlıq gətirib. Duvan Sapata fərdi ustalığı sayəsində rəqibin iki müdafiəçisini keçərək qapıya qüvvətli zərbə endirib – 1:1.

Fasiləyə komandalar heç-heçə ilə yollanıb.

Qarşılaşmanın ikinci hissəsinin 56-cı dəqiqəsində “Atalanta” klubu hesabda önə keçib. Duvan Zapata adını tabloya yazdıraraq oyunda dublun rəsmiləşdirib – 2:1. Matçın 78-ci dəqiqəsində “qoca sinyora” hesabı bərabərləşdirməyə nail olub. Belə ki, Miralim Pyaniçin künc ötürməsindən sonra “Atalanta”nın cərimə meydançasında yaranmış qarışıqlıqdan Kristino Ronaldo dəqiq baş zərbəsi ilə istifadə edib. Bu, “Yuventus”un ulduz oyunçusunun cari mövsümdə vurduğu 12-ci qoldur. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab dəyişməyib.

Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

“Frosinone” – “Milan” – 0:0

“Fiorentina” – “Parma” – 0:1

“Bolonya” – “Latsiyo” – 0:2

“Kalyari” – “Cenoa” – 1:0

“Sampdoriya” – “Kievo” – 2:0.

Qeyd edək ki, tura “Roma” - “Sassuolo”, “Torino” - “Empoli”, SPAL - “Udineze” və “İnter” - “Napoli” oyunları ilə yekun vurulacaq. Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi