“Rusiya bizi ora buraxmışdısa, nəyə görə dəqiqəbaşı atəşkəs tələb edirdi?” -

“Rusiya bizi ora buraxmışdısa, nəyə görə dəqiqəbaşı atəşkəs tələb edirdi?” - Cəlaloğludan Həsənquliyevə sərt sözlər

Müsavat TV-nin efirində Rauf Arifoğlunun moderatorluğu ilə yayımlanan “Dərin Təhlil” verilişində Xural TV-nin rəhbəri Əvəz Zeynallı ilə BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev arasında Rusiya mövzusunda fikir ayrılığı yaşanıb. Öncə Ə.Zeynallı Ukrayna ilə Azərbaycan arasında müqayisə aparıb.

Ardınca isə iştirakçılar arasında fikir ayrılığı baş verib. Belə ki, Q.Həsənquliyev çıxışında bildirib ki, Rusiya bizi Qarabağa buraxıb və bir hissəsini nəzarətində saxlayıb. Hikmət Babaoğlu isə bunun yanlış yanaşma olduğunu diqqətə çatdırıb. Ə.Zeynallı isə çıxışında qeyd edib ki, o torpaqlar uğrunda Azərbaycan 3 min şəhid verib.

 Qüdrət Həsənquliyevin efirdə səslənən fikirlərinə münasibət bildirən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Demokrat.az-a açıqlamasında deyib ki, xalqın mübarizəsini, nəhəng prosesi bu qədər icazəli bir proses kimi dəyərləndirmək ən azı şəhidlərimizin xatirəsini təhqir etmək deməkdir, Ali Baş Komandan İlham Əliyevin apardığı mübarizəyə kölgə salmaqdır:

“Maraqlıdır, Rusiya bizə nəyi verdi? Xatırladım ki, 2016-cı ildə Aprel döyüşlərində biz kifayət qədər torpaqlarımızı azad etmişdik. Lakin Rusiya təzyiq etdi və həmin ərazilər geri qaytarıldı. 44 günlük Vətən müharibəsi isə göstərdi ki, Azərbaycan müharibəyə hər an hazırdır. Onu da qeyd edim ki, bu müharibədə Pakistan və Türkiyə bizim arxamızda durduğuna görə, Rusiya bizə təzyiq edə bilmədi. Baxın, bunun yalan danışmağının bir sübutu da odur ki, 3 dəfə Azərbaycanı həmin vaxt məcbur etdilər ki, müharibəni dayandırsın. Amma, Azərbaycan dayandırmadı. Əgər Rusiya bizi ora buraxmışdısa, nəyə görə dəqiqəbaşı atəşkəs tələb edirdi? Nə üçün deyirdi ki, müharibə dayansın? Görünən odur ki, Rusiyanın artıq “5-ci kolon”u işə düşüb. Onlar Rusiyanın maraqlarını burada müdafiə edən şəxslərdir. Sual yaranır. Rusiya nəyi bizə verdi? Əksinə, o, Xankəndini azad etməyimizə imkan vermədi və ora qoşununu yeritdi. Təbii ki, Rusiyanın Ermənistan tərəfindən müharibəyə qoşulmaq şansı yox idi, çünki beynəlxalq hüquqa, qətnamələrə görə bizim işğal altında olan torpaqlarımızı azad etmək iqtidarımız var idi. Əgər onun bu fikri olsaydı, bu müharibə o zaman Rusiya-Pakistan-Türkiyə müharibəsinə çevrilə bilərdi. Buna görə də, Rusiyanın bu münaqişədə Ermənistana açıq dəstək verməsinin heç bir əsası yox idi”.

S.Cəlaloğlu diqqətə çatdırıb ki, 44 günlük müharibədə Rusiya maksimum dərəcədə Ermənistana dəstək verib və bu, heç kəsə də sirr deyil:

“Bir tərəfdən müharibəni dayandırmağa təzyiq etdi, digər tərəfdən Ermənistana könüllülərdən ibarət canlı qüvvə və ən yeni silahlar verdi. Bütün bunlara baxmayaraq, Azərbaycan Ordusu qalib gəldi. Demək olar ki, bu qələbə ilə təkcə erməniyə yox, həm də ermənini müdafiə edən Fransa, Rusiya kimilərinə də Azərbaycan qalib gəldi. Ona görə də, xalqın mübarizəsini kiçiltmək, bu qədər nəhəng prosesi icazəli bir proses kimi dəyərləndirmək ən azı şəhidlərimizin xatirəsini təhqir etmək və Prezident, Ali Baş Komandan İlham Əliyevin apardığı siyasətə kölgə salmaq deməkdir”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi