Rusiya Əsgər Anaları Komitəsi: - “Ukraynanın açıqladığı rəqəmlər doğrudur”
Rusiyanın Əsgər Anaları Komitəsi Ukraynada 16 min rus əsgərinin öldüyünü etiraf edib.
Rusiya Əsgər Anaları Komitələri İttifaqının icraçı katibi Valentina Melnikova çoxlu sayda Rusiya əsgərinin öldüyünü açıq şəkildə bəyan edib. O qeyd edib ki, o, Ukraynanın Rusiya əsgərlərinin itkiləri ilə bağlı təqdim etdiyi siyahılara inanmağa üstünlük verir. Bizimyol.info xəbər verir ki, müvafiq video YouTube şəbəkəsində yayımlanıb . "Bizim əlimizdə Ukrayna tərəfinin açıqladığı siyahılar var. Onlar etibarlıdır. Orada olanların hamısı əsasən, düzgündür",- deyə Melnikova Ukrayna tərəfinin həlak olmuş Rusiya hərbçiləri barədə açıqlamalarına münasibət bildirib.
O, əlavə edib ki, Ukrayna ərazisində nə qədər Rusiya hərbçisinin olduğunu dəqiq deməkdə çətinlik çəkir.
"Onları sərhədə toplaşarkən izləyə bilərdiniz. Müqaviləli əsgərin anası mənə zəng edərək dedi ki, onların bölməsi böyük itkilər verdiyi üçün oradan çıxarılıb. Amma indi orada nə qədər Rusiya hərbçisinin qaldığını deyə bilmərəm. Ukrayna tərəfininin açıqladığı siyahı var, mən bu siyahıya inanmağa meylliyəm, çünki onlar adları ilə qeyd edilib”,- deyə Valentina Melnikova bildirib.
Bundan əlavə, Rusiya Federasiyası Əsgər Anaları Komitələri İttifaqının katibi vurğulayıb ki, Ukraynadan fərqli olaraq Rusiya tərəfi ölən və ya əsir götürülən ukraynalıların cəsədlərinin və ya özlərinin harada saxlandığı barədə məlumat vermir.
"Nə qədər insanın həlak olması barədə məndə heç bir təxmin yoxdur. Mən yalnız tərəflərin verdiyi rəqəmləri görə bilərəm. Onların düzgün və yaxud yanlış olduğunu təxmin edə bilərəm. Prinsipcə, açıqlanan siyahılar doğrudur".
Ukrayna tərəfinin açıqlamasına görə, 2022-ci il fevralın 24-dən martın 25-dək Rusiya ordusunun ümumi döyüş itkiləri təxminən 16 min 100 nəfər təşkil edib. Rusiya tərəfi bunu təkzib etsə də, müharibədən yayılan görüntülər itkilərin həqiqətən də çox olduğunu göstərir.
Bu xəbər üçün şərh yazın